Modern.az

Ümumrusiya Azərbaycan Konqresindən iddialara CAVAB

Ümumrusiya Azərbaycan Konqresindən iddialara CAVAB

7 Aprel 2017, 15:44

Ümummrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət etməsi məsələsi Azərbaycanda da ciddi rezonans doğurub.

 

Hətta, Milli Məclisin bu gün keçirilən iclasında deputatlar da məsələyə münasibət bildirib. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu məsələ iki dövlət arasındakı münasibətlərə zərər gətirməyə çalışan hansısa qüvvələrin işidir.

 

“Ümummrusiya Azərbaycan Konqresi həmişə Rusiyanı bütün işlərində dəstəkləyib. Bundan əlavə, Azərbaycan həmişə Rusiya ilə müttəfiqlik mövqeyində olub.

Bunun nəticəsidir ki, Azərbaycanda 300-dən artıq rus məktəbi, o cümlədən rusdilli institutlar, onların filialları fəaliyyət göstərir. Ancaq bu məsələ iki ölkə vətəndaşları arasında narazılığa səbəb olur. Düşünürəm ki, parlamentin dostluq qrupu bununla bağlı addım atmalıdır. Kiçik bir məsələ ilə bağlı iki ölkənin əhalisi arasında narazılıq yaratmaq düzgün deyil”.

 

Deputat Mixail Zabelin isə “bu bizi, Azərbaycandakı rus diasporunu narahat etməyə bilməz” deyə, məsələyə reaksiya verib. 

 

Modern.az saytı məsələnin ciddiliyini nəzərə alaraq ÜAK-la  əlaqə saxlayıb. ÜAK-ın icraçı katibi İlqar Hacıyev saytımıza açıqlamasında  Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət edəcəyini gözləmədiklərini deyib.

 

“Düzü, ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı  Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət edəcəyini gözləmirdik. Heç bir şübhəmiz olmayıb. Bildiyiniz kimi, hər 5 ildən bir konqresimizin qurultayı keçirilir. 2016-cı ilin dekabrında 3-cü qurultayımız keçirilib. Qurultayda 60-dan çox region təmsil olunmuşdu. İclasda yeni rəhbər seçilib.

 

Həmin qurultay zamanı Rusiya tələblərinə uyğun olaraq sənədlərə dəyişikliklər etdik. Daha sonra qeydiyyata alınmağımız üçün Ədliyyə Nazirliyinə bu ilin mart ayının 23-də sənədlərimizi təqdim  etdik. Elə həmin gün Ədliyyə Nazirliyi Ali Məhkəməyə ÜAK-ın qeydiyyatının ləğv olunması ilə bağlı müraciət edib. Müraciət məsələsi paralel şəkildə həyata keçirilib. Biz sənədlərimizi təqdim edib cavab gözləyərkən, belə halla qarşılaşdıq”.

 

ÜAK-ın icraçı katibi kənar qüvvələrin olması məsələsini də cavablandırıb. 

 

“Bu məsələdə kənar qüvvələrin olmasını istisna etmirik. Çünki illərdir ki, bu işdə çalışırıq. Nöqsanlara yol verməmişik. Hər halda, diaspor olaraq işlərimizi gözü götürməyənlər var.

 

O baxımdan da bizə qarşı hər hansı təhlükənin olması mümkündür. Sadəcə, kimlərin maraq dairəsində olmağımız bizim üçün də qaranlıqdır. İllərdir ki,  həm Rusiya hökuməti, həm də digər ölkələrin diaspor təşkilatları ilə işimizi geniş şəkildə qurmuşuq. Ümumrusiya Azərbaycan Konqresini böyük təşkilata çevirmişik.

 

70-dən çox regionda regional təmsilçilərimiz var. Ümumrusiya Azərbaycan Konqresi ilk azərbaycanlılardan ibarət böyük diasporlardan biridir. Belarus konqresinin rəhbəri, Tatarıstandan olan icmalar Rusiya Ədliyyə Nazirliyinə bizim təşkilatın cəmiyyət üçün nə dərəcədə gərəkli olduğu barədə öz müraciətlərini ediblər.

 

Bütün bunlara baxmayaraq, Rusiya-Azərbaycan münasibətləri bu gün də çox yaxşı səviyyədədir. Ümid edirik ki, Ədliyyə Nazirliyi və Ali Məhkəmə bu məsələdə hər bir şeyi nəzərə alaraq doğru qərar verərlər”.

 

Namidə BİNGÖL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza