Aprelin 9-u axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, aprelin 10-u səhərədək şimşək çaxıb, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, qərb küləyi əsib, bəzi rayonlarda arabir 20-30 m/s təşkil edib. Qar örtüyünün hündürlüyü Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 sm-ə çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a açıqlamasında hava şəraitinin kəskin dəyişməsinin aqrar sahəyə təsirlərindən danışıb. M.Hacıyev deyib ki, hələlik yağıntıların aqrar sahəyə mənfi təsirlərilə bağlı məlumatlar yoxdur:
“Əksinə müsbət təsirləri var. Yağıntılar torpaqda nəmliyin, rütubətin toplanmasına müsbət təsir göstərir. Ona görə də mənfi hal müşahidə edilmir. 10 gündən artqıdır ki, əsasən şimal bölgəsində çəyirdəkli meyvələrdə çiçəkləmə başlayıb. Amma indiki yağıntıların hər hansı mənfi təsirləri müşahidə edilmir”.
Nazirlik rəsmisi bildirib ki, bu cür hava şəraiti xüsusilə taxılçılıq, yazlıq bitkilər-çuğundur, pambıq, günəbaxan, tərəvəz əkini üçün əlverişlidir:
“Əkin qabağı torpaqda rütubətin toplanması müsbət haldır”.
Gülşən RAUFQIZI