Xəbər verdiyimi kimi, I qrup Qarabağ əlili Elşad İbrahimov Modern.az saytı vasitəsilə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, motorlu əlil arabası ilə təmin olunmasını istəmişdi.
Qarabağ əlilinin şikayəti ilə bağlı Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Modern.az-a açıqlama verib. Açıqlamada deyilir.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalara uyğun olaraq, dövlət tərəfindən əlilliyi olan şəxslər kreslo-araba və ya velo-araba ilə təmin olunurlar. Son beş ildə əlilliyi olan şəxslərə 5327 ədəd, o cümlədən 2016-cı ildə 1124 ədəd bu növlərdən olan və əsasən Almaniyada istehsal edilmiş əlil arabaları verilibr.
Məlum olduğu kimi hazırda həmin şəxslərin motorlu əlil arabası ilə təminatı qanunvericilikdə nəzərdə tutulmayıb. Qeyd olunmalıdır ki, motorlu əlil arabaları yüksək maliyyə tutumludur və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi nazirliyin diqqətində olan məsələlərdən biridir.
Motorlu əlil arabası ilə təminat həyata keçiriləcəyi halda I qrup Qarabağ müharibəsi əlili Elşad İbrahimov da motorlu əlil arabası ilə təmin olunacaq”.
Günay Rəsulqızı