Vətəndaş qəbulunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri və 60 nəfərə yaxın vətəndaş iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb. Əvvəlki qəbullarda iştirak edərək səsləndirdiyi problemi həll edilən şəhər sakinlərinin minnətdarlığı dinlənilib.
Modern.az xəbər verir ki, qəbulda əsasən Sadıllı qəsəbəsinə işləyən marşrut xəttinin uzadılması, torpaq sahəsi ilə təminat, qaz xəttinin çəkilməsi, su problemi, məşğulluğun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinə dəstək, vətəndaşın açıq ürək əməliyyatının həyata keçirilməsinə maddi yardımın edilməsinə köməklik, və.s. məsələlər ilə bağlı problemlər səsləndirilib. İcra başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb.
Evi yandığı üçün inşaat materiallarının alınmasına maddi kömək istəməyə gələn vətəndaşa maddi yardım edilib. İkinci qrup Qarabağ əlilinin yeni eşitmə aparatı ilə təmin edilməsi, vətəndaş Elcan Hüseynovun qəzalı vəziyyətdə olan hazarının sökülərək yenidən hörülməsi ilə bağlı icra başçısı adiyyatı şəxslərə tapşırıqlarını verib. Bundan başqa şəhər sakini Alimə Həsənzadə dövlət tərəfindən mənzillə təmin edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaş qəbulunda sakinləri narahat edən problemlərin əksəriyyətinin adiyyatı olan qurumlar ilə araşdırılaraq öz həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən müntəzəm olaraq Gəncə şəhərində vətəndaş qəbulunun keçirildiyini qeyd edən Elmar Vəliyev vurğulayıb ki, bu qəbulda müxtəlif sahələri əhatə edən 60-a yaxın problemə baxılıb və bir çoxu yerindəcə həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib və yaxın bir müddətdə həll olunması tapşırılıb.
Modern.az