1 may günü dünyanın bir sıra ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü kimi qeyd edilir. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır.
1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək, nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb.
Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi- İkinci İnternasional-ın iştirakçıları Paris konqresinə toplaşaraq, 1 may gününü bütün dünya fəhlələrinin həmrəyliyi günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd edilib. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.
Hazırda 1 may dünyanın 67 ölkəsdə işçi bayramı günü kimi qeyd edilir. Türkiyədə də işçi bayramı Taksim meydanında böyük coşqu ilə qeyd olunur.
1 may əfsanəsi
Lakin bəzi mənbələrdə bu günün tarixi lap qədimlərə gedib çıxır. “1 May” bəzi xalqlarda hətta əfsanələşib də.
Deyilənə görə, “1 may”ın kökündə bütpərəstlik dayanır. Özü də bayram təsadüfən əmək günü adlandırılmayıb. Bizim eradan əvvəl yaşayan qədim romalılar ilahə Mayaya – torpaq və bərəkət himayəçisinə sitayiş edirmişlər. Hətta onun şərəfinə yazın sonuncu ayını “may” adlandırıblar.
Bu ayın ilk günündə isə şənlik və təntənəli yürüş keçirərmişlər. Qədim romalılar elə düşünürdülər ki, bu cür bayramın müqabilində ilahə Maya yazda onların çəkdiyi əziyyəti qiymətləndirəcək. Torpaq tez “oyanacaq”, əkin bol olacaq, il məhsuldar keçəcək.
Minilliklər ərzində formalaşan bu qədim ənənə sonralar yavaş-yavaş müxtəlif ölkələrə yayılır. Avropanın xristian kilsələri bütpərəstliyin qalığı olan bu bayrama qarşı mübarizə aparırdı. XVIII əsrin sonlarında “1 may” bayramının keçirilməsi, demək olar ki, tamamilə qadağan olunur.
“1 may” 19-cu əsrin sonunda ikinci baharını yaşayır. Yenidən doğulan bu bayram insanlar üçün tam fərqli anlam daşıyır..
Eradan əvvəlki dövrün digər sakinləri olan qədim yunanlarda da 1 mayla bağlı maraqlı adətlər vardı. Məsələn, ilin bu günü müqəddəs şam ağacı Attisanın üzərinə yunla zolaqlar çəkərmişlər. İnanardılar ki, bu yolla o, yenidən diriləcək. Attisa ağacını təntənə ilə məbədə aparar, yürüş ərzində həmin ağacın ətrafında rəqs edərdilər. Bu bayram sonralar Xilariya adı ilə tanındı.
1 May Azərbaycanda
Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib. 1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv edib.
Rusiya İmperiyasında bu bayram 1890-cı ildən qeyd edilir. “Qırmızı bayram”ı Rusiyaya gətirən səbəb isə Polşada fəhlələrin 1 may çıxışları olub. Bayram imperiya ərazisinə ayaq basar-basmaz, ona siyasi don geyindirilir. Nəticədə, Rusiyada hər kəs 1 mayı kommunist günü kimi qəbul edir. Hətta onların şüarları da kommunistsayağı olur: “Kapitalistlərə daloy!”.
1920-ci ildən başlayaraq, “1 may” Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər “1 nay” bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.
Keçmiş SSRİ dövründə “1 may” bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.
1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 may xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi.
SSRİ dövrünün tədqiqatçısı, jurnalist Xaqani Səfəroğlu Modern.az-a açıqlamasında “1 nay” bayramının həm siyasi, həm də məişət tərəfindən bəhs edib. Onun sözlərinə görə, SSRİ-nin ideoloji platformasının əksi olan 1 may, həm də bütün ittifaqda insanların məişətinə ayna tutardı. Başqa respublikalarla bərabər, Azərbaycanda da bu cür olardı:
““1 may” solçu zəhmətkeşlərin, beynəlxalq müstəvidə sol dünyagörüşünün keçirdiyi aksiyanın ümumi yekunu idi. Həmin dövrdə - XX əsrin əvvəllərində sol ideya dünyada o qədər möhkəmlənmişdi ki, fəhlə-kəndlilərin - zəhmət adamlarının həmrəylik simvoluna çevrilmişdi. O səbəbdən, SSRİ bu günə böyük əhəmiyyət verirdi. Sovet İttifaqının ideoloji platforması məhz fəhlə-kəndli sinfi idi. Özünü zəhmətkeşlərin, məzlumların dövləti kimi qələmə verən SSRİ üçün “1 may” xüsusi əhəmiyyət daşıyırdı. SSRİ bu bayramı xüsusi ideoloji platfoma kimi öz siyasətinin aparıcı trendinə çevirmişdi. Sovet dövləti bu günü təmtəraqlı keçirməklə bir yandan dünyadakı zəhmətkeş kütlənin liderlərinə onların tək olmadığına, SSRİ kimi böyük dövlətin onlarla bir olduğuna işarə edirdi. Yəni, “bütün dünyaya məzlumların, fəhlə-kəndlilərin, zəhmetkşelərin dayağı olan SSRİ kimi bir dövlət var” mesajını çatdırmaq istəyirdi. Bu bayram SSRİ üçün dünyadan Şərqdən tutmuş Qərbə, Afrikadan tutmuş Amerikaya qədər kimin harada olmasından asılı olmayaraq, bu sinfə daxil olan hər kəsə siyasi və iqtisadi yardımı göstərəcəyini əks etdirən siyasi mesaj idi. Bayramın bu cür təntənəli keçirilməsi xaric üçün hesablanmış bir göstəri idi”.
Xaqani Səfəroğlu “1 may”ın SSRİ üçün siyasi vasitə olmasından savayı, həm də bütün ittifaqın məişətinin, həyat tərzinin simvolu olduğunu da deyir. Bu həyat tərzinin təsviri zamanı Azərbaycanın da “1 may”ı necə keçirdiyini xatırladır:
“SSRİ Lenin prinsipləri, kommunizm üzərində bərqərar olmuşdu. Kommunizmin də əsas prinsipləri birgə işləmək, ictimai mülkiyyət, bərabər qazanc idi. “1 may” da SSRİ –yə bu prinsiplərin nümayişi üçün lazım idi. Yəni, onlar bütöv ailə kimi birgə işləyir, qazanclarını birgə bölürlər və xoşbəxtdirlər. O əzəmətli yürüşlər, çıxışlar, “1 may” təntənələri buna görə idi. “1 may” sovet quruluşunun ilkin illərində böyük siyasi–ideoloji yükü olan bayram idisə, 1970-ci illərdə artıq sovet həyat tərzinin ənənəvi bayramına çevrilmişdi. İnsanlar o ərəfələrdə gəzməyə, dincəlməyə, şəhərdə dolaşmağa üstünlük verirdilər.
“1 may” qeyri-iş günü idi. Orta məktəbdə oxuyan pionerlərin hamısı fəal iştirakçılara çevrilirdilər. Parad keçirilərdi. Həmin gün parada, “1 may” təntənələrinə çox ciddi hazırlaşılırdı. Siyasi sloqanlar üstünlük təşkil edir, hərbçilərin paradı izlənilirdi. Sovet ordusunun yüksək komandanlığı, rəhbərlik tribunlara çıxır, xalqla salamlaşırdı. Moskvadan tutmuş Bakıya kimi bu, belə olardı. Bütün bu çıxışların, paradın hamısı canlı yayımlanardı, dünyaya nümayiş etdirilərdi.
Səhər 12-dən sonra isə insanlar dincəlməyə başlayırdılar. Zəhmətkeşlərin şərəfinə qoyulan heykəllərin yanına gedər, orada süfrə açar, şənlənər, dincələrdilər. Həmin gün hava da çox isti olurdu. İnsanlar həm də ruhən dincələrdilər, əsl yazı da bir növ, beləcə qarşılayardılar. Bu tarix sovet həyat tərzinin ideoloji platformasını əks etdirməklə yanaşı, həm də o sovet məişətinin göstəricisi olmuşdu. “1 may” həm də insanların yazdan zövq alması üçün bəhanə rolunu oynayardı.
“1 may”la bağlı xüsusi təltiflər olmayıb. Sadəcə, bayram idi. Həmin gün insanlar təltiflərə yox, daha çix şənlənmək, birgə dincəlmək haqqında düşünürdülər”.
Elmin Nuri