Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “DTF Prezident Kuboku” yarışına yekun vurulub. Modern.az xəbər verir ki, yarışın son iki günü taekvondoçularımız komandamızın aktivinə 8 medal əlavə edib.
Böyüklər arasında -80 kq çəki dərəcəsində mübarizəyə qoşulan Milad Harçeqani rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmə qızlarda Ofeliya Allahverdiyeva -41 kq çəki dərəcədində qızıl medal qazanıb.
Böyüklərdən ibarət yığma komandamızın digər üzvləri Qaşim Maqomedov (-54 kq) və Radik İsaev (+87 kq) finala vəsiqə qazansalar da, həlledici döyüşdən məğlub ayrılılıblar. Hər iki idmançımız gümüş medala layiq görülüb.
Qadın taekvandoçularımızdan Yaprak Eriş (-57), Fəridə Əzizova (-67 kq) və Sina Bahrami (-68 kq) çəki dərəcələrində 3-cü yer qazanıb. Eləcə də gənclər arasında taekvandoçumuz Cavad Ağayev(-63 kq) bürünc medal əldə edib.
Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi və sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında millimizin idmançıları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar.
Onu da qeyd edək ki, turnirdə mükafatçılar sırasında yer alan idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandosut, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülhüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi ilə millimiz 2 may tarixində vətənə dönəcək.
Məcid Əmirov