Bu gün tanınmış ziyalı, istiqlalçı millət vəkili, türkoloq alim Firudin Cəlilovun 70 yaşı tamam olur. Deportasiya Qurbanları Cəmiyyəti bu məqsədlə Firudin Cəlilovu təbrik edib. Təbrikdə Firudin Cəlilovun keçdiyi şərfli yol, göstərdiyi xidmətlər xüsusilə qeyd edilir. Bildirilir ki, Firudin Cəlilov 70 ilinin böyük bir hissəsini Azərbaycan elminə, təhsilə xidmət edib, neçə-neçə tələbələr yetişdirib, habelə təhsil naziri olduğu müddətdə bir sıra yenilikçi addımlar atıb.
Azərbaycanda ilk dəfə test üsulunun tətbiq də məhz Firudin Cəlilovun təhsil naziri olduğu dövrə təsadüf edib. Deportasiya Qurbanları Cəmiyyəti Firudin Cəlilovun bilik və təcrübəsinin bundan sonrakı dövrdə də Azərbaycan xalqının daha da güclənməsi, firavan yaşaması üçün sərf edəcəyinə əmin olduğuğunu bildirib.
Xatırladaq ki, professor Firudin Cəlilov 1990-cı il seçkilərində iştirak edib və Ali Sovetə üzv seçilib. Parlamentdə elm, təhsil, mədəniyyət və din komitəsinin sədri olub. 1992-ci ildə Azərbaycan Baş nazirinin müavini olub. Elə həmin il də Azərbaycanın təhsil naziri vəzifəsinə təyin edilib. Firudin Cəlilov eyni zamanda Azərbaycan türklərinin islama qədər dövrünün ən güclü elmi araşdırmaçılarından hesab olunur. Türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmiya nəzəriyyəsini irəli sürüb. Firudin Cəlilov 9 cildlik “Azərbaycan türklərinin islamaqədər tarixi” əsərinin müəllifidir.
Modern.az