Modern.az

Partiya sədrləri necə mühafizə olunurlar, hansı sədrlər maşını özləri idarə edir... - SORĞU

Partiya sədrləri necə mühafizə olunurlar, hansı sədrlər maşını özləri idarə edir... - SORĞU

Aktual

6 May 2017, 13:50

Məlum məsələdir ki, partiyalar ölkənin siyasi həyatında önəmli rol oynayır. Siyasi partiyaların cəmiyyətin bir hissəsi olduğunu nəzərə alsaq,  partiya rəhbərlərini də bu baxımdan qiymətləndirmək lazımdır.

Onlar vətəndaşların maraq obyektindədirlər. Buna görə də Modern.az saytı olaraq Azərbaycanda  partiya rəhbərlərinin, eləcə də partiyaların mühafizəsinin necə təşkil olunduğunu araşdırdıq. O cümlədən rəhbərlərə sürücüləri haqqında da sual ünvanladıq.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Mühafizəm elə özüməm. Mən  millətin övladıyam və onun gələcəyi üçün çalışan insanam. Ona görə də mənim xalqdan çəkinəcəyim yoxdur. Tək çəkindiyim şey  Azərbaycandakı bəzi məmurlardır. Rüşvətxor korrupsiyalaşmış, qaniçən insanlardır. Onlar da cəsarət edib prezidenti dəstəkləyən adama toxuna bilməzlər. Partiyanın mühafizəsinə gəldikdə isə sadəcə qapıda bir nəfər oturub və gələn-gedən haqqında məni məlumatlandırır. Elə bir  qorxulu hal yoxdur.  Qapımız həmişə açıqdır, yoxlamadan keçəndən sonra da açıq ola bilər”.

H.Hacıyev qeyd edib ki, onun sürücüsü yoxdur.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:

“Allahdan mühafizəm var. İnsan övladının mühafizəsini qəbul etmirəm. Binamız elə yerdə yerləşir ki,  dövlət binalarının mühafizə idarəsi düz həyətimizdədir. Sağımızda və solumuzda olan ofislər  necə kameralar vasitəsilə mühafizə olunursa,  binamız da elə mühafizə olunur”.

M.Mirəlioğlu nə vaxtsa sürücüsü olduğunu bildirib. Onun sözlərinə görə, həmin vaxtlar maşın sürməyi bacara bilmirdi. Hazırda dostunun maşınından istifadə edir və sürücüsü yoxdur.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

“Mənim  mühafizəm yoxdur. Partiyamızın qorunması isə ayrıca təşkil edilmir. Sadəcə dəmir qapımız var və  şifrəlidir. Elə də ciddi mühafizəmiz yoxdur deyə bilərəm.  Sürücüyə qaldıqda isə o da yoxdur”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan:

“Mühafizəm yoxdur və heç vaxt da olmayıb.  Partiyanın mühafizəsindən öncə qeyd etmək istəyirəm ki, ofisimiz yoxdur.  Yalnız partiyanın üzvlərindən ibarət  qrup Lalə Şövkətin mühafizəsini təmin edir. O da müəyyən yerə çıxdığı zaman.. Yəni bu mühafizə ictimai əsaslarla ödənişsiz olur”.

Əvəz Temirxan deyib ki, nə sürücüsü var, nə də avtomobili. O, Azərbaycan Liberal Partiyasının digərlərinə nisbətən siyasətə fərqli yanaşdıqlarını vurğulayıb. Özlərinə deyil, xalqa xismət etdiklərini bildirib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:

“Heç qərargahımız var ki,  partiyanın qorunması da təşkil olunsun?.. Bu, Azərbaycanda çox ağır məsələdir. Partiyaların əksəriyyətinin qərargahları yoxdur. Onların normal işləmə şəraitinə malik deyillər. Mənə gəldikdə, avtomobili özüm idarə edirəm”.

Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı:

“Partiyada sadəcə könüllük əsasında mühafizə sistemi var. Ancaq partiyanın qərargahı mühafizə olunur. Partiya başqanı Arif Haclının da mühafizəsi yoxdur”.


Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirdilər ki, təşkilatın yox, sədr Əli Kərimlinin mühafizəsi təşkil olunub. Bu da Əli Kərimliyə ciddi təhlükənin mövcudluğu ilə əlaqələndirlib. Qeyd edilib ki, hazırda müxalifət liderləri arasında əsas hədəfdə olan şəxs Ə.Kərimli olduğundan, AXCP sədri mühafizə ilə hərəkət etməyə məcburdur. Digər partiya sədrlərindən fərqli olaraq Ə.Kərimlinin sürücüsü də var...

Günay RƏSULQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama