Bakı Biznes Mərkəzində görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. “Azərlotereya” ASC-nin və Bakı Biznes Mərkəzinin dəstəyi ilə keçirilmiş tədbirdə rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.
Modern.az xəbər verir ki,tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən bəhs edib, onun dövlətçilin möhkəmləndirilməsindəki və iqtisadiyyatın inkişafındakı xidmətlərindən danışıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.
Sonra Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən belə müsabiqələr ənənəvi olaraq hər il keçirilir. Bu ilki müsabiqəyə 46 KİV tərəfindən 84 material təqdim edilib. Təqdim edilən materiallar İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub, onlara mükafatlar verilib. Qaliblər arasında Modern.az saytının əməkdaşı Gülşən Raufqızı da var.
Modern.az