Artıq bir neçə saatdan sonra uzun zamandır gözlənilən və hazırlıqları gedən IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Builki oyunlar 12-22 may tarixləri arasında Bakıda baş tutacaq. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
Modern.az xəbər verir ki, АCT təhlil və konsaltinq xidmətləri üzrə qrup İslam Həmrəyliyi Oyunlarının izlənməsi ilə bağlı sorğu keçirib.
Rəyi soruşulmuş Bakı sakinlərinin böyük əksəriyyəti IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən xəbərdardır (85 %).
Sorğuda iştirak edənlərin yarıdan çoxu idman oyunlarını televizor qarşısında və ya internet vasitəsilə izləyəcəyini bildirib (58 %).
İslamiadada çıxış edəcək komandaları arenalardan dəstəkləyənlər nisbətən azdır (13 %). Respodentlərin beşdə biri isə idman oyunlarına maraq göstərmir (21 %). Rəyi soruşulanların 8 %-i isə oyunları izləməklə bağlı konkret bir qərara gələ bilməyib.
Qafar Ağayev