Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib.
Modern.az-ın məlumatına görə, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz rəqibinə aman verməyib - 3:0.
75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.
Gərgin keçən döyüşdə 5 qat dünya çempionu R.Ağayev qələbə qazana bilib - 7:2.
Yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı tam üstünlüklə məğlub edib - 5:0.
"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir".
Bunu jurnalistlərə Rafael Ağayev deyib.
5 qat dünya çempionumuz finalda pakistanlı idmançı ilə qarşılaşacağını bildirib:
"Düşünürəm ki, maraqlı və baxımlı görüş olacaq. Sona qədər gedib qələbə qazanmağa çalışacağam".
R.Ağayev qeyd edib ki, ikinci görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi ilə döyüşərkən müəyyən problemlərlə qarşılaşıb:
"O, yeni idmançıdır və mən onun maneralarını yaxşı bilmirdim. Buna görə də düzgün taktika seçməkdə çətinlik çəkirdim, lakin sonda özümü toparladım və 7:2 hesablı qələbə qazandım".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Modern.az