Bu gün İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika yarışlarında ilk mükafatçılar müəyyənləşib. Modern.az xəbər verir ki, Bədii gimnastika üzrə Azərbaycan milli komandası İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.
Yığma komandamızın üzvləri Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova iki yarış günündə dörd hərəkətin (halqa, top, gürzlər, lent) cəmində hakimlərdən 128,200 xal alıblar ki, bu da rəqiblər üçün əlçatmaz olub.
İkinci yeri Özbəkistan (123,850), üçüncü yeri isə Türkiyə (101.650) bədii gimnastları tutublar.
Medalları qalib və fərqlənənlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.
Sabah – mayın 14-də isə müxtəlif alətlər üzrə fərdi yarışlarda final çıxışları olacaq.
Modern.az