Modern.az

Gürcüstanın azərbaycanlı deputatları Avropaya vizasız gediş-gəlişdən danışdılar: "İndi də əsas hədəf Avropa Birliyinə üzv olmaqdır"

Gürcüstanın azərbaycanlı deputatları Avropaya vizasız gediş-gəlişdən danışdılar: "İndi də əsas hədəf Avropa Birliyinə üzv olmaqdır"

14 May 2017, 11:24

Bu il mart ayının 28-dən Gürcüstan vətəndaşları Şengen vizası ilə Avropa ölkələrinə gedib-gəlir. 2017-ci ilin 2 fevralında Avropa Parlamentində Gürcüstanla vizasız rejimin tətbiq edilməsinə səs verilib. 

Bununla da, Avropa Parlamenti Gürcüstanla viza rejimini ləğv edib.

 

Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedib-gəlməsi gürcü xalqına və dövlətinə nə verdi?

 

Modern.az saytı Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlarla əlaqə saxlayıb.

 

Deputat Azər Süleymanov deyir ki, son ay yarım ərzində Avropaya vizasız gedib-gələnlərin sayı xeyli olub.

 

“Artıq iki aya yaxındır ki, Gürcüstan vətəndaşları Avropaya vizasız gedib-gəlir. Bir neçə gün bundan əvvəl Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ay yarım ərzində 15.000-dən artıq adam Avropaya gedib-gəlib. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Qayda pozuntusu o demək deyil ki, Avropanın qapısı açıqdır və istənilən vaxt qaydaları pozmaq olar. Heç də belə deyil. Gürcüstanın əsas hədəfi Avropa Birliyinə üzv olmaqdır. Yəni Gürcüstan hökuməti özünü buna hazırlayıb. Çünki Gürcüstan tarixi vətəninə-Avropa Birliyinə qayıtmalıdır. Həmçinin, çoxlu yeniliklər də gözlənilir. Avropada təhsil almaq istəyən gənclərin sayı çoxalır. Ümid edirik ki, qarşıda çoxlu yeniliklər bizi gözləyir”


Deputat Ruslan Hacıyev də Avropaya vizasız gedib-gəlməyin Gürcüstan hökumətinə qazandırdığı üstünlüklərdən danışıb.

 

“Artıq neçə müddətdir ki, Gürcüstan vətəndaşları Avropa  ölkələrinə vizasız gedib-gəlirlər. Bu, turizmin qarşılıqlı inkişafına, ölkələrimizin Avropa xalqları ilə daha isti münasibət yaratmasına, Avropa dəyərlərinin ölkəmizdə inkişafına  və demokratiya dəyərlərinin daha da bərkiməsinə səbəb olur və olacaq. Avropaya vizasız gedib-gəlmək artıq Gürcüstan iqtisadiyyatının inkişafına da təsir etməkdədir. Bu, Gürcüstan hökumətinin böyük nailiyyətlərindəndir. Hakim partiyanın parlament deputatı kimi  qeyd etmək istərdim ki, bununla iş bitmir. Bizim məqsədimiz Avropa bazarına öz məhsullarımızı çıxarmaq və ən əsası Avropa Birliyinə üzv olmaqdır. Dövlətimiz də öz növbəsində bu prosesi dayandırmır. Hətta, deyərdim ki, böyük güclə, böyük həvəslə, bu iş davam etdirilir”.

 

Namidə BİNGÖL

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...