Modern.az

Beynəlxalq kiber hücumlar: Azərbaycana təhlükə var?

Beynəlxalq kiber hücumlar: Azərbaycana təhlükə var?

15 May 2017, 14:14

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  beynəlxalq kiber məkanda qlobal virus epidemiyası ilə bağlı xəbərdarlıq etmişdi.

İlkin məlumata görə kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən “WannaCry” virusu dünyanın 99 ölkəsində 75000-dən çox kompüter sistemində yayılıb.

 

“Kiber hücumlar haker səviyyəsindən çıxıb”

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında bildirib ki, virus yalnız 99 ölkədə deyil, bütün ölkələrdə, eləcə də Azərbaycanda da yayıla bilər. Bunun qarşısını almaq üçün aidiyyatı qurumlar tədbir görməlidir:

 

“Virus epidemiyasının təkcə həmin 99 ölkədə deyil, bütün ölkələrdə yayılma ehtimalı var. Çünki bu qlobal və açıq şəbəkə olan internet üzərindən yayılır. Həmin sahədə  hansı istiqamətlər qorunmursa, ona daha çox təsir edir. Son dövrdə Azərbaycanda beynəlxalq yarışların keçirilməsi bu cür proseslərə qarşı diqqətin artmasına səbəb ola bilər.

 

Bu gün  Azərbaycan da müəyyən dairələrin diqqət mərkəzindədir.  Artıq son dövrlərdə  bu cür hücumlar adi qurumlar, haker səviyyəsindən  çıxıb. Hazırda kiber hücumlar dövlətlər, maliyyə qrupları, müəyyən təşkilatlar tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir. Əvvəllər isə bu, bir qədər təsadüfi  formada olurdu. Amma indi maraqlı qüvvələr var və kiber hücumlarından  silah kimi istifadə edirlər. Məqsəd isə qarşı tərəfi susdurmaq və çökdürmək , öz maraqlarını təmin etmək, inkişafın qarşısını almaq və.s-dir”.

 

“Monitorinqlər aparılmalı, profilaktik tədbirlər görülməlidir”

 

Ekspert bildirib ki, Azərbaycanda hələki ciddi fəsad yaradan kiber hücum halları qeydə alınmayıb:

“Daxildə də, kənarda da Azərbaycanı  istəməyən maraqlı qüvvələr var. Xüsusən indiki məqamda bu cür hadisələr Azərbaycan üçün qaçınılmazdır. Bizdə bununla bağlı aidiyyatı dövlət qurumları - Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi var. Dövlət qurumlarının təhlükəsizliyinə bu qurum cavab verir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi  isə vətəndaşların informasiya təhlükəsizliyini təmin edir.  Bu qurumlar belə məqamda  məsələni ciddi nəzarətə götürməlidirlər. Monitorinqlər aparılmalı, profilaktik tədbirlər həyata keçirilməlidir.

 

Son keçirilən yarışların təcrübəsi göstərir ki,   aidiyyatı dövlət qurumları böyük tədbirlərdən üzü ağ çıxa bilirlər. Hələki  ciddi fəsadlar olmayıb.  

Sonuncu dəfə belə fəsad 2012-ci ildə keçirilən “Eurovision” yarışında olmuşdu. Amma Avropa oyunları, Formula 1  kimi yarışlarda hər şey yüksək səviyyədə həyata keçirilmişdi”.

 

Qeyd edək ki, baş vermiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda vətəndaşların Elektron Təhlükəzilik Mərkəzinin “1654” “Qaynar xətt”inə zəng etməsi və ya [email protected] elektron ünvanına yazması tövsiyə olunur.

 

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...