Modern.az

Siyavuş Novruzov kabel televiziyalarının yayımını təşkil edən şirkətləri “vurdu”  

Siyavuş Novruzov kabel televiziyalarının yayımını təşkil edən şirkətləri “vurdu”  

16 May 2017, 15:04

“Vətəndaşlarımızın kabel televiziyası ilə bağlı hüquqları kifayət qədər pozulur. İnsanların əsəbləri ilə oynayırlar”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, bəzi kabel televiziyaları çox pis göstərir.

“Vətəndaşların əsəbləri ilə oynayırlar. Ya pis göstərir, ya bağlanır. Məhkəməyə də müraciət edəndə vətəndaş 2 ay-gedib gəlir. Axırda da şirkət 150 manat cərimə olunur. Buna görə də, cərimələrin məbləği artırılmalıdır”.

Siyavuş Novruzov bildirib: “Saat 12 oldu, yayım kəsilir. Yağış yağır, qar yağır yayım kəsilir. Amma kabel televiziyaları vətəndaşlara 1 manat da güzəştə getmir. Bundan başqa, vətəndaşa seçim imkanı vermirlər. Bütün paketlərdə demək olar ki, eyni kanallardır. Üstəgəl, kanalların keyfiyyəti də yaxşı olmalıdır”.

Deputat internet televiziyalarla bağlı sərt qanunların qəbul edilməsinin vacibliyini də vurğulayıb.

“Xaricdə oturur, 3-5 nəfər kamera alıb heç Azərbaycanda yaşamayan insanlardan müsahibə alaraq, Azərbaycan haqqında soruşurlar. Araşdırma aparanda isə məlum olur ki, heç Azərbaycanda elə bir insan yoxdur. Aprel döyüşlərində də buna təsadüf etdik. O zaman silahlı qüvvələrimiz, xalqımız haqqında elə sözlər deyilirdi ki, hansı ki onların 7 arxa dönənlərinin Azərbaycana aidiyyatı yoxdur. Onlar ermənidən pula alıb belə danışırdılar. Bunların qarşısı alınmalıdır. İnsanlara təsir göstərərnm informasiya mənbələrinə nəzarət olunmalıdır”.


Qeyd edək ki, 7 maddə, 4 fəsildən ibarət olan qanun layihəsində ölkədə yayımlanan xarici telekanallarda reklamların qadağan olunması, Azərbaycanda kabel şəbəkələrinin kimlərin mülkiyyətində olmasının müəyyənləşməsi və sair məsələlər əks olunub.

 

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.



Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...