Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında dördüncü qızıl medalını qazanıb.
Modern.az-ın məlumatına görə, kişilərin 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında 240.7 xal toplayan təmsilçimiz rəqiblərindən daha dəqiq olub.
İkinci yeri Türkiyə idmançısı Yusuf Dikec (239.7), üçüncü yeri isə pakistanlı Muhammad Şehzad Aktar (218.6) tutub.
Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.
R.Lunyov Azərbaycanın tanınmış idmançısı İradə Aşumovanın oğludur. Anası həm də yığmamızın baş məşqçisidir. Ruslanın atası Vladimir Lunyov isə onun şəxsi məşqçisidir.
Azərbaycanın yarışlar üçün təsis etdiyi mükafatların məbləği nəzərə alındırda, Ruslan və atasının qazancı 900 min manata çatıb.
Belə ki, ölkə prezientinin sərəncamı ilə yarışda hər qızıl medala görə idmançıya 100 min, məşqçisinə isə 50 min manat verilir...
Milli Olimpiya Komitəsi tərəfindən isə qızıl medal qazanan idmançıya 50 min manat, onun şəxsi məşqçisinə isə 25 min manat mükafat veriləcək.
Mirmahmud KAZIMOĞLU