Cəbrayıl rayonundan olan işıq məhbuslarının istintaqı artıq yekunlaşıb. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
E.Sadıqov qeyd edib ki, cinayət işi ilə tanış olub:
“Zəruri sənədlərin surətləri bizə verildikdən sonra cinayət işi baxılması üçün Cəbrayıl rayon məhkəməsinə göndəriləcək”.
Qeyd edək ki, Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.
Gülşən RAUFQIZI