Modern.az

Azərbaycan idmançıları bu gün İslam Oyunlarında bir neçə növdə yarışacaqlar

Azərbaycan idmançıları bu gün İslam Oyunlarında bir neçə növdə yarışacaqlar

Aktual

17 May 2017, 09:10

Mayın 17-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının növbəti günündə Azərbaycan idmançıları daha bir neçə yarışda qüvvəsini sınayacaq.

Modern.az xəbər verir ki, bu gün atletika yarışlarında kişilər 200, 400 və 800 m məsafəyə qaçış, 110 m sədlərlə qaçış, lövhə atma və üç təkanla tullanma, qadın idmançılar isə 200, 800 m məsafəyə qaçış, 3000 m maneələrlə qaçış, nüvə itələmə və şüvüllə tullanma üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Boksçuların mübarizəsində finalçılar müəyyənləşəcək. Azərbaycanı yarımfinal görüşlərində Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.

Atıcılıqda son yarış günündə qarışıq komandaların 10 m pnevmatik tapança ilə atəş açma və dairəvi stend yarışlarında qaliblər müəyyənləşəcək.

Üzgüçülük turnirində kişilər 50 m batterflay (delfin), 100 m sərbəst, 4X100m kompleks estafet, qadınlar isə 50 və 400 m sərbəst, 100 m batterflay, 200 m brass və 4X100m kompleks estafet üsulu ilə üzmədə yarışacaqlar.

Mayın 17-də həm də stolüstü tennis yarışlarına start veriləcək.

Bu gün taekvandoçuların mübarizəsi davam edəcək. Azərbaycanı qadınların yarışında Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), kişilərin mübarizəsində isə Ayxan Tağızadə (68 kq) və Olimpiya çempionumuz Radik İsayev (+87 kq) təmsil edəcəklər.

Həmçinin tennis oyunları davam edəcək.

Voleybol turnirində kişilərdən ibarət komandaların qrup oyunu, qadınlardan ibarət yığmaların isə yarımfinal oyunları keçiriləcək.

Su polosu millimiz qrupda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Ağır atletika yarışları başa çatacaq.


Bu gün yunan-Roma güləşçiləri tatami üzərinə çıxacaqlar. İdmançılarımızdan Murad Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) medallar uğrunda mübarizə aparacaqlar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım