Modern.az

Ağbirçəklər Şurası Ağsaqqallar Şurası ilə əməkdaşlıq istəyir

Ağbirçəklər Şurası Ağsaqqallar Şurası ilə əməkdaşlıq istəyir

Aktual

17 May 2017, 14:22

Bu gün Azərbaycanda erkən nikahlar, məişət zorakılığı, boşanma halları və bu kimi digər problemlərin varlığını danmaq olmaz. Etiraf etmək lazımdır ki, ailədaxili münasibətlərin tənzimlənməsində yaşlı qadınların məsləhətinə ciddi ehtiyac duyulur.

Məhz bu səbəbdən  bir neçə il bundan öncə ölkədə Ağbirçəklər Şurası fəaliyyət göstərməyə başladı. Lakin şuranın fəaliyyəti hələ ki paytaxtın Nəsimi rayonu ilə məhdudlaşıb.


“Başqa rayonlara səlahiyyətimiz çatmır”

Nəsimi rayonu üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva Modern.az-a bildirib ki, qurum daimi fəaliyyətdədir:

“Ötən il Qurban bayramı ilə bağlı tədbirlərimiz oldu və müəyyən insanlara maddi yardım göstərdik. O cümlədən 20 yanvar, Çernobıl hadisləri və bu kimi önəmli tarixlərlə əlaqədar da işlər gördük.  Görüşlərimiz olur və şuranın fəaliyyəti davam edir.

Bir neçə il bundan qabaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində rayonlar üzrə şuralar yaradıldı. Yaşlı qadınlarla əlaqə yaratmaq üçün həmin vaxt həm şəhər, həm də rayonların bəzi yerlərində yerli qurumlar fəaliyyətə başladı. Haızrda da hər kəs öz işini davam etdirir.

Təbii ki, Ağbirçəklər Şurasının ölkə səviyyəsində olmasını çox istəyərdim. Amma bunun üçün hər hansı təklif irəli sürməyə mənim səlahiyyətim çatmır. Əgər rəhbərlik məsləhət görərsə, şura genişlənər. Mən sadəcə Nəsimi rayonunun Ağbirçəklər Şurasının sədriyəm. Öz yerləşdiyim rayonda da daim işlər aparıram. Başqa rayonlara səlahiyyətim çatmır”.

“Yaşlı qadınları diqqətdən kənar qoymaq olmaz”

Zərifə Quliyeva Ağbirçəklər Şurasının önəmindən də söz açıb:

“Bilirsiniz, vaxt ötdükcə gənc nəslin üzərinə düşən vəzifələr çoxalır və böyüyür. Onlar da öz növbəsində ictimai  həyatda aktiv iştirak edirlər. Amma bir az yaşı ötmüş xanımlara hökmən diqqət lazımdır. Bu xanımlar düşünməsin ki, bu qədər  çalışandan sonra heç kimə lazım deyillər. Halbuki, şuramızda kifayət qədər fədakar xanım var. Onlar dövlətimizin yolunda gözüyumulu ölümə gedərlər. Bu xanımların məsləhəti həmişə lazımdır və onları diqqətdən kənar qoymaq olmaz”.

Z.Quliyeva bildirib ki, Ağsaqqallar Şurası ilə hələki  işbirliyi yoxdur:

“Ağsaqqallar Şurası respublika səviyyəsindədir. Tanınmış deputat Fəttah Heydərovun rəhbərliyi ilə fəal işlər aparır.  Bunu mən qıraqdan da müşahidə edirəm. Boynuma alıram ki, Ağbirçəklər Şurası  bu baxımdan onlara çata bilməz. Biz sadəcə Nəsimi rayonunda işlər görürük və qırağa çıxa bilmirik. Lakin birgə işlərin aparılması gözəl olardı.

Biz dövlətə bağlı, Yeni Azərbaycan Partiyası (YAP)  ilə əlaqəli insanlarıq. Şurada fəaliyyət göstərən hər bir xanım da YAP-ın üzvüdür. Ölkəmizin rifahı üçün dövlət proqramı ətrafında işlər aparırıq. Necə ki, referendumda  iştirak etdik, eləcə də gələcək seçkilərdə də daha fəal iştirak etməyə çalışacağıq”.

Günay RƏSULQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım