Cümə günü İranda prezident seçkilərinin ilk turu keçiriləcək. Əsas mübarizənin hazırki prezident Həsən Ruhani ilə keçmiş prokuror İbrahim Rəisi arasında olacağı gözlənilir.
Rəisi daha çox mühafizəkarların namizədi kimi qəbul olunur və sərt siyasi xəttin yeridilməsinin tərəfdarıdır.
Belə ki, o, Facebook, Youtube və Twitter kimi İnstagram-ın da İranda blok olunmasını, qadınların baş örtüyünü daha səliqəli geyiməsinin və onların saçlarının görünməməsini tələb edirlər.
Hesab olunur ki, Rəisini İranın ali dini lideri Əli Xameneyi dəstəkləyir.
Hazrki prezident Həsən Ruhani isə Məhəmməd Hatəminin başçılıq etdiyi islahatçılar qanadının dəstəyinə güvənir. Onun dövründə İranda inflyasiyanın 40%-dən 9,5%-ə düşməsi ən böyük uğurlarından biri kimi təqdim olunur.
Hər iki namizəd İranın xarici investisiyalara ehtiyacı olduğunu etiraf edir. Sanksiyalar dövründə kasıbların və işsizlərin sayının artmasına görə Rəisi işsizlik ümavinətlərinin 3 dəfə artırılacağını vəd edib. Ruhani isə energetika, tikinti və sənayedə bərpa işləri görmək üçün rasional investisiya siyasətinin yeridilməsinin tərəfdarıdır.
Tərəflərdən hansı birinin qalib olacağı müəyyən olmasa da, seçkilərin 2-ci turunun keçiriləcəyi heç kəsdə şübhə doğurmur.
İkinci turda kimin qalib gələcəyi isə digər namizədlərin elektoratının səsindən asılı olacaq.
Vüqar İSMAYILOV