Bakıda bir neçə gün əvvəl özünü ataraq intihar edən Susana Şərifovanın qeyri-rəsmi yaşadığı əri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Susananın ölümü ilə bağlı həbs olunan əri Baxşiyev Əbülfəs tanınmış ailənin övladıdır. Belə ki, anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, "Ədəbiyyat qəzeti" nin əməkdaşıdır.
Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.
Qeyd edək ki, Susana azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
20:02
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumat yayıb. Modern.az xəbər verir ki, məlumatına görə, mayın 15-də 1986-cı il təvəllüdlü Şərifova Susana Şakir qızı Nəsimi rayonunda yaşadığı mənzilin eyvanından özünü ataraq intihar edib. Qadının özünü öldürməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da, faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş S. Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə. Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.
Ə. Baxşiyevə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Modern.az