Modern.az

“Fəaliyyətimizi şəxsi mənafe naminə reklam edənlər var idi” - Almaniyadakı diaspor nümayəndəsilə MÜSAHİBƏ

“Fəaliyyətimizi şəxsi mənafe naminə reklam edənlər var idi” - Almaniyadakı diaspor nümayəndəsilə MÜSAHİBƏ

Aktual

18 May 2017, 11:02

Modern.az saytının Azərbaycanın diaspor nümayəndələri ilə silsilə müsahibələri davam edir.

Budəfəki müsahibimiz Almaniyada diaspor fəaliyyəti ilə məşğul olan Toğrul Əzizdir.

Onunla müsahibəni təqdim edirik.

- Toğrul bəy, diaspor fəaliyyətiniz nə yerdədir? Axsamalar olur, yoxsa irəliləyişlər?

- Diaspor fəaliyyətimiz davam edir. Yeni layihələr üzərində işləyirik. Təbii ki, iş əsnasında uğurlar olduğu kimi çətinliklərimiz də yaranır, ancaq zamanla bütün çətinliklərin öhdəsindən gəlirik.

- Təmsil olunduğunuz Azərbaycan Mədəniyyət Evi sanki passivləşib. Səbəblər nədir?

- 2015-ci ildən təşkilatımızın yeni rəhbəri Ağa Ağayevdir. Fəaliyyətimizdə passivləşmə olduğunu deməzdim, biz yenə də işlərimizi davam etdiririk. Bir zamanlar üzvlərimiz arasında fəaliyyətimizi şəxsi mənafeləri naminə reklam edənlər var idi.

Onlar artıq aramızda olmadığına görə, belə demək mümkünsə,  “reklamımız” da zəifləyib. Lakin reklama ehtiyacımız yoxdur, hansısa maddi maraqlar güdmürük. Gördüyümüz işlər sırf ana yurdumuza olan sevgimizdəndir.

İndiyə qədər Qarabağ həqiqətləri ilə bağlı dörd kitab çap edib Almaniya və Belçikanın paytaxtı Brüsseldə siyasi və  ictimai qurumlara payladıq. Bu ilin fevral ayında Modern.az saytının rəhbəri Elşad Eyvazlının Xocalı faciəsiylə bağlı yazdığı “Böyüməyən uşaqlar” kitabını yenidən daha 1000 ədəd çap etdirib, Almaniyadakı ictimai qurumlara payladıq.

Mütəmadi olaraq Azərbaycanda baş verən proseslərlə bağlı buradakı qurumlarla görüşür, mövqeyimizi bildiririk. Hazırda yeni bir kitabın tərcüməsi və çapı üzərində işləyirik. Əsas fəaliyyətimizi yerli siyasi partiyalarla iş üzərində qurmaq istəyirik. Seçki ərəfələrində hələlik kiçik də olsa Almaniyadakı azərbaycanlı seçicilərin də fikirləri, istəkləri dinlənilir. Biz nə qədər güclü olsaq, seçkidən sonra da əslən Azərbaycandan olan seçicilərin, diasporumuzun istəklərinin qəbul olunmasına nail ola bilərik.

- Maddi yardım umursunuz?

- Bir çox diaspor təşkilatları ilə olan görüşlərimizdə hər zaman bildirmişəm ki, diaspor fəaliyyətləri üçün Azərbaycandan maddi yardım umulması doğru deyil. Burada yaşayan həmyerlilərimizin özlərinin maddi gücləri ilə işlər görülməlidir. Hansısa dövlət qurumundan ianə alınması o qurumun fəaliyyətinə kölgə salır. Təəssüf ki, hələlik bizim kimi öz gücüylə fəaliyyət göstərən diaspor təşkilatı demək olar ki, yoxdur.

-Bir ara sizi iş adamı kimi də təqdim edirdilər. Siz iş adamı olaraq diaspor fəaliyyətinə investisiya yatırmaqda maraqlısınız?

- Diaspor fəaliyyətini biznes sahəsi olaraq görmürəm. İstər mənim, istər Ağa müəllimin və digər üzvlərimizin bu sahəyə olan xərcləri maddi qarşılıqsız xərclərdir. Gözlədiyimiz qarşılıq sırf Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasıdır. Bununla bir növ vətən həsrətimizi ovuduruq.

-Bəs digər azərbaycanlı iş adamları necə?

- Yuxarıda dediyim mövqedə olan bir çox iş adamlarımız var. Təbii ki, hər hansı başqa mövqelərdə də insanlar var və bu normaldır. Fikir müxtəlifliyi, plüralizmin olduğu bir ölkədə yaşadığımız üçün, burada diaspor fəaliyyətinə biznes mövqeyi ilə yanaşan birinə hər hansı neqativ qarşılıq vermədən, sadəcə normal baxırıq.

-Almaniyada türklər çoxdur, bura Azərbaycan vətəndaşlarını da əlavə etsək, düşünə bilərik ki, ortaq çox şeylərə imza atmaq olar. Amma təəssüf ki, belə deyil.  Niyə ortaq düşmən olan erməni diasporuna qarşı fəaliyyəti koordinasiya etmək çətindir?

- Bu istiqamətdə işlər aparılır, hətta bir çox layihələrdə birgə fəaliyyət də göstərilir. Lakin bu hər zaman mümkün olmur. Əvvəla, burada Türkiyə əsillilər arasında türklərdən daha çox kürdlər var. İctimai cəhətdən fəal kürdlərin əsas fəaliyyətləri isə Türkiyədəki kürd problemi ilə bağlı hadisələrə istiqamətlənib. Türklər isə öz aralarında yenə də Türkiyədəki siyasi partiyaların sayı qədər qruplara bölünüblər. Ən böyük qruplar dindar qruplardır. Onların da əsas fəaliyyət istiqaməti hazırki Türkiyə hakimiyyətinin Almaniyada siyasi müdafiəsi ilə bağlıdır. Yəni nəinki Azərbaycan problemləri, hətta 1915-ci il hadisələri belə hazırda onları daha az məşğul edir. Atatürkçü Düşüncə Dərnəyi və bəzi milliyətçi təşkilatlarla tez-tez birgə tədbirlərimiz olur. Onlarla anlaşmaq daha asandır.


- Maddi maraqlar da şübhəsiz ki, burada rol oynayır.

- Açığı, diaspor fəaliyyətində maddi maraqların güdülməsi xırdaçılıqdır. Çünki bu işdə hansısa maddi gəlirin olması ancaq Azərbaycandan gələ biləcək dövlət dəstəyinin məqsədli dağıdılması ola bilər. Belə bir dəstəyi indiyə qədər həm almamışıq, həm də istəməmişik. Ona görə ki həyata keçirdiyimiz tədbirlərin büdcələrini qarşılamaq üçün öz maddi imkanlarımız, təşkilat rəhbərliyinin maddi imkanları və az da olsa təşkilat üzvlərinin ianələri yetərli olur.

- Almaniyadakı Azərbaycan səfirliyi sizlərə dəstək olurmu?

 

- Azərbaycanın Berlindəki səfirliyi və konsulluğu ilə informasiya mübadiləsi səviyyəsində əlaqəmiz var. Bir neçə tədbirimiz üçün kitab və jurnallar göndəriblər, daha geniş əlaqələr üçün münbit şərait var, ancaq hələlik bu əlaqələr istənilən səviyyədə qurulmayıb.

 

Günay RƏSULQIZI
Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım