Bəzi özəl ali məktəblər təhsil haqlarını endirdi. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, universitetdən asılı olaraq təhsil haqları 20, 30, hətta 50 faizə qədər endirilib. Özəl universitetlər təhsil haqlarının aşağı salınmasını bir sıra səbəblərlə izzah edirlər.
Təhsil haqlarını 30 faiz aşağı salan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin sözlərinə görə, bunun başlıca səbəbi valyutanın məzənnəsində olan dəyşiklik və univerisitetin nəzərdə tutulan tələbə qəbulu planının doldurulmasıdır.
Təhsil haqını endirən digər bir təhsil ocağı Bakı Avrasiya Universitetindən isə bildirildi ki, ötən il universitetin qəbul planında 50 faiz yer boş qalıb. Bunu nəzərə alan universitet rəhbərliyi bu il təhsil haqlarını 300-400 manat aşağı salıb.
Qərb Universiteti də öz növbəsində bu il qəbul planında ödənişlə oxuyacaq tələbələr üçün müəyyən endirimlər tətbiq edib. Yəni, Universitetin münasib qiymət siyasətinə keçməsi və təhsil haqlarını aşağı salması bu təhsil ocağının böyüməsi və klassik universitet strukturuna uyğunlaşdırılması ilə bağlıdır. Bu gün bu təhsil ocağının təkcə Azərbaycanın deyil, regionun qabaqcıl universitetinə çevrilməsi istiqamətində ciddi addımlar atılır, infrastrukturun müasirləşdirilməsi üçün əsaslı işlər aparılır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir. Nəhəng kompleksin, yeni binaların və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı yeni, unikal laboratoriyalar qurulur, dünyanın qabaqcıl universitetləri ilə müəllim mübadiləsi aparılır. Bu prosesə Universitetin qəyyumlar şurası da dəstək verir ki, bu da təhsil haqlarının aşağı salınmasına, yüksək ballı tələbələrə güzəştlər edilməsinə və onlara təqaüdlər verilməsinə imkan yaradır, eyni zamanda tələbə sayı artır.
Modern.az