Ötən gecə İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış törədilib. Partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb, 50 nəfər isə yaralanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlamasında ölən və yaralananlar arasında azərbaycanlıların olub- olmasına aydınlıq gətirib.
O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən bunları deyib.
“Hazırda bizdə olan məlumata görə Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb. Amma məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək”.
Namidə BİNGÖL