Bu gün Azərbaycanın böyük şairi, poeziyamızda satirik məktəbin yaradıcısı Mirzə Ələkbər Sabirin 155 illik yubileyi tamam olur. 1862-ci ildə Şamaxıda anadan olan Sabir qısa ömür yaşamasına baxmayaraq, Azərbaycan poeziya və publisistikasında tanınmış imzaya çevrilib. Ağır insani münasibətlərə, tənələrə tuş gələn, həyatını xalqın yolunda qurban verən şairin bütün külliyyatı sonradan çapdan çıxan “Hophopnamə”də əks olundu. Amma bu gün də Sabir irsi araşdırılır. Sabirin istər satirik, istər publisistik yaradıcılığı, istərsə də müəllimlik dövrü, bütövlükdə həyatı tədqiqatçılar tərəfindən öyrənilir.
Onlardan biri də filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur. O, Sabirin həm yaradıcılığını, həm tərcümeyi-halını, həm də publisistik fəaliyyətini araşdırıb. Həmçinin, “Hophopnamə”nin 2012-ci il buraxılışını da o, tərtib edib. A.Bayramoğlu Modern.az saytına açıqlamasında Sabir irsi ilə bağlı son zamanlar üzə çıxardığı yeniliklərdən danışıb:
“Sabirin əlyazmaları qalmayıb. Ancaq onun 1909-cu ildə “Tərəqqi” qəzetində “Ümid” məktəbi ilə bağlı məqaləsi çıxmışdı. Təşəkkür məktubudur. Onu mən üzə çıxarmışam. Sabirin “Tazə həyat” qəzetində “Cümə başlıqlı” məqaləsi var: İslami dəyərlər, cümə namazı ilə bağlı fikirləridir. Onları üzə çıxarıb 2012-ci ildə hazırlanan “Hophopnaməyə hər ikisini əlavə etmişəm. Onun “Şikayət” adlı bir felyotonu 1910-cu ildə “Günəş” qəzetində çıxıb. Əsaslandırmışam ki, felyoton Sabirindi və “Hophopnamə”yə daxil etmişəm. Akademiyanın elmi məruzələrində də çap olunub. “İslamiyyətin insaniyyətpərvərliyi” adlı məqaləsini ( 1906-cı ildə “Həyat” qəzeti) və diqqətdən kənarda qalan iki müxbir yazısını da üzə çıxarıb “Hophopnamə”nin 2012-ci il sayına əlavə etmişəm”.
Elmin Nuri