Modern.az

Azərbaycanlı deputat Kiyevdəki kitab təqdimatı haqda: "Çox böyük maraq doğurdu"

Azərbaycanlı deputat Kiyevdəki kitab təqdimatı haqda: "Çox böyük maraq doğurdu"

30 May 2017, 18:23

Bu gün Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı təqdim olunub.

 

Deputatın müəllifi olduğu kitab bundan əvvəl mayın 25-də  Ukraynanın  Kiyev şəhərində təqdim edilib. Tədbirdə Ukraynanın dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, xarici diplomatik korpus rəhbərlərinin iştirak edib.

 

Elmira Axundova kitabın təqdimatı ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. O, kitabın ukrayna dilində təqdimatının əhəmiyyətini vurğulayıb:

 

“Ayın 25-də  Kiyev şəhərində “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabım ukrayna dilində təqdim edildi. Kitab Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin təşəbbüsü və  Ukraynadakı azərbaycanlı iş adamı Asəf Məmmədovun vasitəsilə çap olunub. O cümlədən kitabı ukrayna dilinə tərcümə edən də azərbaycanlıdır. Beləki, uzun illərdir, Ukraynada yaşayan və peşəkar  tərcüməçi  Neman Salmanov kitabı ukrayna dilinə  tərcümə edib. Kitab Ukraynada çox böyük maraq doğurub. Çünki cənab prezident İlham Əliyevin şəxsiyyəti, keçdiyimiz yol,  bizim separatçılarla, təcavüzkarlarla mübarizəmizlə bağlı tarixçəmiz  ukraynalıların maraq obyektindədir. Hazırda ukraynalılar bizim keçdiyimiz yolu sanki yenidən keçirlər. Separatizmlə qarşılaşırlar, lakin hələki onlarda milli birlik yoxdur. Buna görə də ağır şəraitdə öz ərazi bütövlüklərini qorumağa məcburdurlar. Onlar milli  kökə qayıtma mərhələsini keçirlər. Biz artıq bunları yaşamışıq. Bu səbəbdən bizim təcrübəmiz onlar üçün maraqlıdır. Artıq  Ukraynanın dövlət xadimləri,  ictimai xadimləri bu kitabı əldə edib”.

 

Deputat qeyd edib ki, kitab artıq ukrayna əsilli azərbaycanlı vətəndaşlara paylanılıb:

“Ukraynadan qayıdandan sonra Azər Xudiyev kitabları bizə bağışladı. Biz də öz növbəmizdə həmin kitabları Azərbaycanda fəaliyyət göstərən Ukrayna Konqresinə bağışladıq. Bilirsiniz ki, Azərbaycanda 20 min ukrayna əsilli Azərbaycan vətəndaşı yaşayır. Onlar da Azərbaycanın Ukrayna Konqresində birləşiblər.

Bu gün konqresdə kitabın təqdimatı olub.  Təqdimat çox yaxşı keçdi. Tədbirdə ukrayna əsilli vətəndaşlarımız, Ukraynanın Fövqəladə və müvafiq səfiri Aleksandr Mişenka, bir neçə deputatlarımız, Ukrayna-Azərbaycan xalqlararası dostluq qrupunun rəhbəri Rüfət Quliyev çıxış edib. Konqresin bir neçə rayonlarda filialları var və bu vasitə ilə kitablar paylanacaq”.

 

E. Axundova kitabın Azərbaycan-Ukrayna münasibətlərinə təsirindən də söz açıb:

“Mənə elə gəlir ki, bu, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafını nümayiş etdirir. Hər iki ölkənin bir-birinə marağı var. Bu yaxınlarda-payız ayında cənab prezident İlham Əliyevin Ukraynaya səfəri gözlənilir və hazırlıqlar gedir. Hesab edirəm ki, prezidentin səfəri ərəfəsində bu kitabın çapı  yaxşı hadisədir. Kitabda  prezidentimizin portretini yaradılıb, onun nailiyyətləri geniş şəkildə əks etdirilib.

 

İlk  növbədə layihəni reallaşdırdığı üçün Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyeva minnətdaram. Bu kitab rus dilindən sonra ilk dəfə olaraq ukrayna dilinə çap olunub və əlamətdar hadisədir. Çünki  Ukrayna mənim ana vətənimdir. Anam da ukraynalı olub. Eyni zamanda Ukraynada baş verən hadisələr daim məni maraqlandırır və narahat edir. İstərdim ki, Azərbaycan və Ukrayna arasında münasibətlər həmişə inkişaf etsin”.

 

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj