Modern.az

Qax və Şəkidə baramaçılıq: Hər kiloqrama 9 manat verilir – REPORTAJ

Qax və Şəkidə baramaçılıq: Hər kiloqrama 9 manat verilir – REPORTAJ

Aktual

7 İyun 2017, 13:36

Prezident İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən dəstək və qayğı kənd təsərrüfatının bütün sahələrində, eləcə də kənd əməkçilərinin sosial həyatında öz müsbət töhfələrini verməkdədir.

 

Dövlət başçısının ipəkçiliyin sürətli inkişafı ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələrini ölkəmizdə baramaçılıq sahəsində görülən işlərlə tanış etmək məqsədi ilə iyunun 6-da Qax və Şəki rayonlarına media-tur təşkil edib.

 

Jurnalistlər əvvəlcə Qax Damazlıq İpəkçilik Stansiyasında olublar. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin ölkədə barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib. Və apreldə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.

 

Barama toxumlarından 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli ipəkqurdları əldə edilib və bəslənilmək üçün respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə əvəzi ödənilmədən paylanılıb.

İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislərlə birlikdə baramaçılıq rayonlarına ezam edilib, kümçülərə müvafiq tövsiyələr verilib, onlara qarşılaşdıqları çətinliklərin həll olunmasında əməli və metodiki köməklik göstərilib.

 

Qaxda təşkil edilən media-tur zamanı jurnalistlərə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bu il Azərbaycanda 130 tona yaxın barama istehsal edilməsi qarşıya hədəf olaraq qoyulub.

 

“Aparılan müşahidə və təhlillər göstərir ki, cari mövsümdə nəzərdə tutulduğundan 2-2,5 dəfə çox, yəni 250-300 ton barama istehsalı gözlənilir. Yerlərdən alınan son məlumata görə, bu günədək istehsalçılardan 80 tondan artıq yaş barama məhsulu qəbul edilib. Halbuki ötən il ölkə üzrə ümumi barama istehsalı 71 ton olub”.

Nazirliyin mətbuat xidmətinin rəhbəri deyib ki, bu ildən Abşeron rayonunda da baramaçılığın inkişafı ilə əlaqədar tədbirlər həyata keçiriləcək.

“Bu, tamamilə yeni layihədir. Artıq Abşeron rayonunun kəndlərində də sakinlər baramaçılıqla məşğul olaraq öz təsərrüfatlarını genişləndirə, ailə büdcələrini artıra biləcəklər”.

Media-tur zamanı bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycanda ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” mayın 19-da imzaladığı sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addımdır.

Həmin sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb.

 

Jurnalistlərə stansiyada aparılacaq yenidənqurma işləri barədə də məlumat verilib.

Sonra media-tur iştirakçıları stansiyanın yaxınlığında yeni salınmış tut (çəkil) bağlarına baxıblar. Bildirilib ki, ipəkçiliyin gələcək inkişafı üçün baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyəti nəzərə alınaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən il Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq olunmuş tut tingi tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb. Bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin olunub. Yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100 faiz səviyyəsində çıxış alınıb və hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.

 Sonra media-tur iştirakçıları stansiyada ipəkqurdlarının yemlənməsi, həmçinin istehsalçılardan yaş barama məhsulunun qəbul edilməsi prosesləri ilə əyani şəkildə tanış olublar.

 

Qax Damazlıq İpəkçilik Stansiyasının rəhbəri Əkrəm Fətəliyev,  iki gün ərzində iki tona yaxın barama təhvil verildiyini deyib.

“Əvvəlki illərdə 600 kiloqrama yaxın olurdu. Hamı 1-2 gün ərzində qurdu götürüb aparır yemləməyə. Yemləmədə kim yaxşı baxırsa baramanı tez təhvil verir, kim yaxşı baxa bilmirsə, müddət biraz uzanır. Bu il ərzində rayonun 12 ton yarım planı var, dünənə kimi 1 ton 700 kq gəlib, bu gün isə 2 ton gözlənilir. Təhvil verilən baramanın hər kiloqramına görə kümçüyə 9 manat ödənilir, bunun 4 manatını Şəki İpək ASC, qalan 5 manatı isə dövlət tərəfindən subsidiya şəklində ödənilir. Kümçülər baramaları təhvil verdikdən sonra məbləğ onların kart hesabına vurulacaq. Baramaçılıq kəndçilərin vəziyyətinin yaxşılaşmasına səbəb olub. Elə ailələr var ki, aylıq 400 kq barama təhvil verir, bu da 3600 manat edir. Kənd yeri üçün bu məbləğ çox yaxşıdır”.

 

Qax rayonu Marsan kəndindən olan kümçü Səbuhi Harunov baramaçılıqla bu ildən məşğul olduğunu deyib.

 

“Ümumilikdə 54 qram barama qurdu götürmüşdüm. Bununla orta hesabla 100-150 kq barama istehsal etmişəm. Dövlət tərəfindən verilən tut tinglərindən 500 ədəd əkmişəm həyətdə. Baramadan yüksək gəlir əldə etmək istəyənlər gərək çox əziyyət çəksin. Baramanı 1 ay müddətində bəsləmişəm”.

 

Media nümayəndələri daha sonra rayonun Böyük Alatəmir kəndində kümçü ailəsində olub, ipəkqurdlarının bəslənilməsi prosesini izləyiblər.

Jurnalistlər Şəkidəki “Şəki-İpək” ASC-nin fəaliyyəti ilə də tanış olublar.

 

“Şəki İpək” ASC-nin idarə heyətinin sədri Qəribov Nizami bildirib ki, müəssisədə 450 nəfər  işlə təmin olunub.

 

“Digər bölgələrdən gətirilən baramalar burada boğularaq emala hazır edilir. Burada  kəlağayı, şərf, ipək xalça və  xalça sapı istehsal edilir. Kəlağayı, şərf və xalçanın alıcısı çoxdur, amma ipək xalçanın alıcısı azdır. Bunun səbəbi ipək xalçanın yun xalçadan daha baha başa gəlməsidir.

İpək xalçalar nazik olduğuna görə onun toxunması 5-6 aya başa gəlir. Bizim məhsulların xarici çıxışı var. Xalçalarımızın sertifikatı var. Barama 30 ton olduğu üçün xariciləri cəlb etməyi düşünürük. İtaliya ipək işlətmədə güclü bir dövlət olduğu üçün onlarla əməkdaşlıq etməyi düşünürük. Biz avadanlıqlarımızı yeniləmişik, amma əgər onların başqa tələbləri varsa, onu yerinə yetirməyə çalışacağıq. Keçən ilə 71 ton baramadan 8 ton ipək əldə elədik, onu respublika daxilində emal elədik.  Amma bu il 300 ton baramadan təxmini 30  tondan çox ipək əldə olunursa, bunu xaricə çıxarmalıyıq”.

 

Qafar Ağayev

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər