2017-ci il yanvarın 30-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına əsasən, “Azərsu” ASC tərəfindən həyata keçirilən ilk layihənin icrası uğurla yekunlaşıb.
Modern.az xəbər verir ki, Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılmasını nəzərdə tutan layihə yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradacaq.
Yeni suvarma infrastrukturunun istismara verilməsi mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ölkə rəhbərliyinin aqrar sektora böyük diqqət və qayğısından danışaraq bildirib ki, bu layihə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi məqsədi ilə reallaşdırılan ilk suvarma layihəsidir. Yeni layihənin icrası nəticəsində minlərlə hektar torpaq sahəsində müxtəlif kənd təsərrüfatı məhsulları yetişdiriləcək.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsilə bağlı tapşırıqlar verdiyini diqqətə çatdırmışdır. Bu tapşırıqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə fevral ayında Zərdab rayonunda ilk suvarma layihəsinin icrasına başlanılıb: “Əkin sahələrinə suyun Kür çayından verilməsi layihələndirilib. Bu məqsədlə çayın sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, diametri 1400 mm olan 15 km uzunluğunda kəmər inşa edilmişdir. Qurğuları elektrik enerjisi ilə təmin etmək üçün 4 mvt-luq transformator və paylayıcı qurğu tikilmiş, Zərdab 35/10 kilovoltluq yarımstansiyasından 6 km elektrik xətti çəkilmiş, 81 ədəd dayaq quraşdırılıb. Layihənin qısa müddətdə yekunlaşdırılması məqsədilə tikinti-quraşdırma işləri bir neçə nöqtədə paralel aparılmış və iyun ayının əvvəlində yekunlaşıb”.
Tədbirdə çıxış edən rayon sakinləri və fermerlər torpaq sahələrinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərsu” ASC tərəfindən icra olunan ikinci suvarma layihəsi Hacıqabul və Şamaxı rayonlarında həyata keçirilir. Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə həyata keçiriləcəkdir. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km uzunluğunda magistral kəmər çəkiləcək. İndiyədək kəmərin 9 km-lik hissəsi inşa edilib.
Modern.az