Modern.az

Elçin Əmiraslanov aclığı dayandırsa da, müalicə müəssisəsinə köçürülməyib

Elçin Əmiraslanov aclığı dayandırsa da, müalicə müəssisəsinə köçürülməyib

16 İyun 2017, 16:36

İyunun 1-dən etibarən Qobustan qapalı həbsxanasında ölüm aclığına başlayan ömürlük məhbus, “OMON”un komandirlərindən olmuş Elçin Əmiraslanov ötən gün aksiyanı dayandırdı. Belə ki, müalicə müəssisəsinə köçürülmə tələbi yerinə yetirilən Qarabağ əlili aclığın 10-cu günündə belə bir qərar qəbul edib. Elçin Əmiraslanovun əsas tələbi müalicə müəssisəsinə köçürülməsi ilə bağlı idi. Həbsxananın rəhbərliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələri Elçin Əmiraslanova tələbinin yerinə yetiriləcəyinə söz veriblər.

Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Modern.az-a açıqlamasında bildirib ki, Elçin Əmiraslanov hələ də müalicə müəssisəsinə yerləşdirilməyib:

“Elçinin səhhətində ağırlaşma olduğuna görə həkimlər, həbsxana rəhbərliyi, həm də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələrinin təkidi ilə aclıq aksiyasını dayandırdı. Hələlik vəziyyət bir balaca normallaşıb. Amma tibb müəssisəsinə köçürülməsi ilə bağlı xəbər yoxdur. Yaxın vaxtlarda bununla əlaqədar qərar olacağını gözləyirik.

 İki gün əvvəl Elçin Əmiraslanovla danışdım. Səhhətində gərginlik olsa da, yavaş-yavaş nizama düşür. Ola bilər ki, həkimlər də onun səhhətinin normallaşmasını gözləyirlər ki, digər xəstəliklərin müalicəsi üçün tədbirlər görülsün”.

Akif Nağının sözlərinə görə hüquq müdafiəçilərindən biri Elçin Əmiraslanovun yanına getmək istədiyini bildirib. Lakin hələ də onu ziyarət edən olmayıb.  Bununla bağlı hər hansı məlumat yoxdur.

 

Qeyd edək ki, Elçin Əmiraslanov keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölgəsi üzrə sabiq komandiri, Qarabağ müharibəsi əlilidir və 21 ildir Qobustan həbsxanasında ömürlük məhbus həyatı yaşayır. Həmçinin o, hepatit C-dən əziyyət çəkir. Həbsdə olduğu müddət ərzində hər il müalicə alan “OMON” komandirinə bu il müalicə olunmağa icazə verilmirdi. Məhz bu səbəbdən səhhəti ağırlaşan sabiq komandir çıxış yolunu aclıq aksiyasına başlamaqda görmüşdü.


Günay RƏSULQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular