Modern.az

Böyük Vətən Müharibəsinin sağ qalan azərbaycanlı veteranları...

Böyük Vətən Müharibəsinin sağ qalan azərbaycanlı veteranları...

22 İyun 2017, 14:51

Bu gün Hitler Almaniyasının SSRİ-yə hücumundan 76 il ötür. 1940-cı il iyulun 21-də general Fridrix Paulyusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmiş Barbarossa planına görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.

1941-ci il iyunun 22-də faşist Almaniyası müharibə elan etmədən Sovet İttifaqına hücuma keçdi.1941-ci ildən 1945-ci ilədək davam edən müharibə zamanı ordu sıralarına Azərbaycandan 720 min nəfərdən çox insan cəlb edildi. Onlardan 320 mindən çoxu vətən uğrunda gedən savaşda qəhrəmancasına həlak oldu.

Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda İkinci Dünya müharibəsi iştirakçılarından 431 nəfəri müharibə əlili kimi, 332 nəfəri isə müharibə iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.

İkinci Dünya müharibəsi əlillərinə 2008-ci il sentyabrın 1-dən təyin olunaraq ödənilən bu təqaüdün məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılaraq, I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə isə aylıq 110 manat məbləğində olmaqla Prezidentin aylıq təqaüdləri verilir.

Rəsmi məlumatda bildirilir ki, İkinci Dünya müharibəsi iştirakçıları həmin təqaüdlərlə bərabər, aylıq əmək pensiya ilə təmin olunurlar:

 

“Hazırda İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 356 manat təşkil edir. Ötən dövrdə İkinci Dünya müharibəsi əlillərindən 102 nəfər dövlət büdcəsi hesabına mənzillə, 1117 nəfər minik avtomobili ilə təmin edilib. 32 nəfər İkinci Dünya müharibəsi iştirakçısına isə ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlər göstərilir. 


Cari ildə də 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu təbəqədən olan insanlara birdəfəlik yardım verilməsi barədə 24 aprel 2017-ci il tarixli Sərəncam imzalanıb. Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 7,2 milyon manat vəsait ayrılıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 13 312 nəfər şəxsə, o cümlədən İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olan 12 549 nəfərin hər birinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj