“Petya” virusu Rusiya və Ukraynanın iri neft, telekommunikasiya və maliyyə şirkətlərinə haker hücumuna səbəb olub. Bu virus kompüterləri bloka salır və təkrar açılması üçün 300 dollar məbləğinə bərabər bitkoinlər tələb edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron təhlükəsizlik mərkəzində analiz və məsləhət şöbəsinin məsləhətçisi Abdulla Abdullayev Modern.az-a açıqlamasında virus barədə bunları deyib.
““Petya” virusu Windows əməliyyat sisteminə qarşı yönəlib. Bu viruslar kompüterləri şifrələyir və insanların kompüterə daxil olmasının qarşısını alır. Bu sistemlərdən istifadə edən insanlardan pul tələb edir. Külli miqdarda insanlara, şirkətlərə ziyan vurur. Bir müddət əvvəl yayılmış “WannaCry” virusu var idi. Biz ona qarşı profikatik tədbirlər görmüşdük.
Müvafiq qurumlarla işləmişdik. Windovs əməliyyat sistemində boşluq olduğundan ora yeniləmələr edildi. Maarifləndirici paylaşımlar etdik. Bununla da “Wanna Cry” virusundan qorunmuş hesab olunduq. Bu yeni virus da “WannaCry” virusu ilə eynidir. Ona görə də bu virusa qarşı qabaqlayıcı tədbirlər görə bildik”.
Abdulla Abdullayevin sözlərinə görə, Windows əməliyyat sistemlərindən istifadə etmək lazımdır.
“Ona görə də əməliyyat sistemlərini daimi yeniləmək, lisenziyalaşdırılmış Windovs əməliyyat sistemlərindən istifadə etmək ən böyük şərtlərdən biridir. Bununla da insanlar öz sistemlərini qorumuş olurlar. Dolayı yolla bu cür hücumlara qarşı qorunmuş olurlar”
Namidə BİNGÖL