Modern.az

Ədliyyə Nazirliyi QHT-ləri dövlət qeydiyyatına aldı

Ədliyyə Nazirliyi QHT-ləri dövlət qeydiyyatına aldı

29 İyun 2017, 20:42

"Ölkəmizdə ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Məhkəmə ekspertizası mərkəzinin fəaliyyəti təkmilləşdirilib. Maddi-texniki bazası möhkəmləndirilib, yeni növ ekspertizaların aparılmasına və akkreditasiya nəticəsində ekspert rəylərinin beynəlxalq miqyasda tanınmasına nail olunub. Eyni zamanda məhkəmə-istintaq orqanlarına köməklik və ekspert araşdırmalarının operativliyini təmin etmək məqsədi ilə Mərkəzin Gəncə, Şirvan və Şəki regional filialları yaradılıb". Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirlikdə keçirilən kollegiya iclasında vurğulanıb.

Məlumata görə, təkcə ötən il ərzində Mərkəzə 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub: "Ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 %-ni həll ediblər. Həmçinin, ekspertizaların təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına 110-dək metodik məsləhət, habelə cinayətin baş verməsinə səbəb olan şəraiti və halları aşkar etmək, onların qarşısının alınması üçün 900-dən çox profilaktik tövsiyə verilib, 30 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb və 7 metodik vəsait hazırlanıb".

Kollegiya iclasında, həmçinin, ekspertiza sahəsində beynəlxalq əlaqələr genişlənib, Mərkəz Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə (ENFSI) üzv qəbul edilib. Ötən il dövlət başçısının Türkiyəyə səfəri zamanı məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb, Sazişin implementasiyası çərçivəsində Türkiyə Daxili İşlər Nazirliyinin nümayəndə heyəti bu ayın əvvəlində Azərbaycana səfər edərək, ölkəmizin təcrübəsi ilə tanış olublar.

Kollegiyada bu sahədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, o cümlədən ekspertiza tədqiqatlarının keyfiyyətinin və mötəbərliyinin artırılması, əsaslılığının yaxşılaşdırılması, yeni ekspertiza növlərinin tətbiqi, habelə mərkəzin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat işinin səmərəliliyinin yüksəldilməsi, kadr potensialının möhkəmləndirilməsi, mövcud vakansiyaların doldurulması və s. ilə bağlı aidiyyəti tapşırıqlar verilib.

Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...