Çin Xalq Respublikasının Şandon əyalətinin Tzinan şəhərində “Bir kəmər-bir yol” strategiyasıçərçivəsində “ Şandon əyalətinin və 5 Mərkəzi Asiya ölkəsinin aqrotexniki əməkdaşlığı üzrə Forumu”nda Azərbaycan Dövlət Aqrar Universiteti ilə bu əyalətin Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu Akademiyanın Prezidenti Van Şubo və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru, dosent Anar Hətəmov imzalayıb. Memorandumda birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, qarşılıqlı təcrübə mübadiləsini həyata keçirilməsi nəzərdə tutulub.
Səfər çərçivəsində Anar Hətəmov Akademiyanın, o cümlədən İpəkçilik elmi-tədqiqat institutunun maddi-texniki bazası ilə yaxından tanış olub, “Azərbaycanda kənd təsərrüfatının inkişaf meyilləri” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, 1903-cü ildə əsası qoyulan Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası özündə 16 idarəetmə bölməsini, 22 elmi-tədqiqat institutunu, 18 akademik bölməni və 1 post doktorantura stansiyasını birləşdirir.