İyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində mülki əhalini qəsdən atəşə tutması nəticəsində dinc sakinlər, o cümlədən 18 aylıq uşağın həlak olması ilə bağlı baş vermiş insidentə müxtəlif dövlət qurumları, diaspor təşkilatları münasibət bildirib.
Bəs Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ermənilərin son təxribatı ilə bağlı hansı addımlar atacaq?
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bildirib ki, partiyanın bu gün keçirilən iclasında məsələ ilə əlaqədar qətnamə qəbul edilib:
“Yeni Azərbaycan Partiyası ümumilikdə Füzuli rayonunun Alxanlı kəndində Ermənistanın hücumu nəticəsində bir ailənin başına gələn faciə ilə əlaqədar çox sarsılıb. Hər bir partiya üzvü vətəndaş və müsəlləh əsgər kimi bu məsələdə özünün görəcəyi işi müəyyənləşdirib. Partiya üzvlərimiz bu məsələlərin sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində işıqlandırılmasına, dövlətçilik baxımından düzgün qiymət verilməsinə çalışır. Bu məsələdə yerli rayon təşkilatları öz üzvləri ilə iş aparır.
Həmçinin, YAP Füzuli rayon təşkilatı həmin hadisəni xüsusi olaraq diqqətdə saxlayır. Yerli icra hakimiyyəti orqanı ilə ailənin problemlərinin həll edilməsində yaxından iştirak edir. Kütləvi informasiya vasitələrində bu gün partiyamızın məsul şəxsləri öz mövqeyini ortaya qoyur. Bu məsələlərlə bağlı xarici ölkələrin Azərbaycanda olan səfirlikləri ilə əlaqə saxlayırıq. YAP üzvləri təmsil olunduqları parlament nümayəndə heyətində bu məsələni ciddi şəkildə qaldırırlar.
4 iyulda bizim bir neçə qrup deputatımız xaricdə beynəlxalq tədbirlərdə idi. Onların hər biri iştirak etdiyi tədbirdə Zəhra Quliyevanın şəklini yayımlayıb, tədbir iştirakçılarını məlumatlandırdılar. Ermənistanın qəsbkarlıq siyasətinin nəyə gətirib çıxardığını göstəriblər.
Bu gün Zəhra Quliyeva məsələsi yalnız bir ailənin faciəsi deyil, ümumilikdə Ermənistanın Azərbaycan cəmiyyətinə vurduğu ağır zərbədir. Azərbaycanın uğurları, Cocuq Mərcanlıya məcburi köçkünlərin qayıtması ermənilərdə qıcıq yaradır.
YAP İdarə Heyətinin bu gün keçirilən iclası Füzuli rayonunun Alxanlı kəndində Quliyevlər ailəsində baş verən hadisəni qətiyyətlə pisləyib. Eyni zamanda, partiya əməkdaşlıq etdiyi xarici ölkələrin siyasi partiyalarının hər birinə bu məsələ ilə bağlı məlumat və bizim mövqeyimizi göndərəcək. Ermənistanın Azərbaycan torpaqlarının işğalının ağır nəticələri həmin müraciətdə öz əksini tapacaq”.
Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın baş verən hadisə ilə bağlı bəyanat yaydığını bildirib:
“Müsavat Partiyası bu məsələyə münasibət bildirib. Bu haqda partiyanın bəyanatı yayılıb. Müxalifət partiyası olaraq biz Azərbaycan hakimiyyətindən vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyi tələb etdik. Eyni zamanda, bütövlükdə Qarabağ məsələsi ilə əlaqədar diplomatik təşəbbüskarlığı artırmaq , BMT qətnamələrinin yerinə yetirilməsi üçün təsirli tədbirlər görmək barədə qərarlar qəbul edilməsini bildirdik. Partiya olaraq dünən elan olunmuş aksiyalarda iştirak etmək niyyətimiz var idi. Ancaq sonradan təəssüf ki, hansısa tədbirlərlə bu aksiyalar ləğv olundu.
Biz bu hadisənin bəşəriyyət qarşı cinayət olduğunu və Ermənistan silahlı qüvvələrinin başında duran şəxslərin uşaq qatili olduğunu bildirməyə və bu məsələlərlə bağlı beynəlxalq birliyin Ermənistan tərəfinə təzyiq göstərməsinə çalışacağıq. Bu istiqamətdə Müsavat Partiyası öz imkanlarından maksimum istifadə edəcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd edib ki, ermənilərin son təxribatı haqqında məlumat partiya ilə əlaqəli təşkilat və şəxslərə ötürülür:
“Bu məsələ ilə bağlı partiyanın edə biləcəyi yalnız başsağlığı verməkdir. Çünki bu məsələdə ya danışıqlar aparılmalı, ya da müharibə edilməlidir. Bu da bizim səlahiyyətimizə aid deyil. Biz ermənilərin Füzuli rayonundakı son təxribatı ilə bağlı məlumatları partiyamızla əlaqəli olan təşkilat və şəxslərə ötürürük. Amma bununla sistemli məşğul olmaq lazımdır. Mənim və ya başqasının ötürdüyü məlumat heç nəyi dəyişmir”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov düşünür ki, partiyaların hər hansı addımı bir şey dəyişməyəcək:
“Bu məsələdə hər hansı addımdan söz açmaq olmaz. Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Bu məsuliyyət də iqtidara aiddir. Bizim nəsə etməyimiz heç nə dəyişmir. İndiyə qədər ermənilər neçə Zəhralar qətlə yetirib . Partiyaların bununla bağlı etiraz aksiyaları nəsə dəyişirmi?. Bunun bir çıxış yolu var, o da Azərbaycan iqtidarının işğal olunmuş əraziləri Ermənistandan geri alması və xalqımızın təhlükəsizliyini təmin etməsidir. Biz yalnız köməkçi və dəstək rolunu oynaya bilərik. Amma torpaqları işğaldan azad etmək bizim yox, hakimiyyətin vəzifəsidir. Tutaq ki, hər hansı bəyanat səsləndirildi. Bu nəyi dəyişəcək? Bu bəyanatlar təxribatların qarşısını ala bilirmi? Sadəcə qarşı tərəfə aqressiv və layiq olduğu cavab verilməlidir”.
Günay RƏSULQIZI