Bu gün Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Türkiyənin birliyə daxil olması ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib. Sənəddə Türkiyə hakimiyyət orqanlarının konstitusiya islahatını hakimiyyət bölgüsünü təmin edən dəyişiklik aparmadan reallaşdıracağı təqdirə Avropa komissiyasına və üzv dövlətlərə bu ölkənin Aİ-yə üzvlüyü barədə danışıqları dayandırmaq tövsiyə olunur.
Məsələ ilə bağlı Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.
Deputat Avropa Parlamentinin bu qərarı ilə bağlı deyib:
“Bu, tərəflərin birdəfəlik olaraq münasibətlərini aydınlaşdırılması istiqamətində atılan addımdır. Axı özünə hörmət edən dövlət nə qədər gedib Avropa İttifaqının qarşısında dayanar? Nə qədər yalvarar? Məsud Yılmazın, Tansu Çillərin yalvarışı mənim yadımdadır. Az qala Avropanın bütün öhdəliklərini ödəmək tələblərini götürürdülər. 80 milyonluq müsəlman dövlətini Avropa İttifaqı öz sıralarında görmək istəmir. Bu faktdır. Ona görə də bu hər şeyi ortaya qoyur. Bu qərarda Avropa Parlamenti, Avropa İttifaqı öz simasını və islamafobiyasını göstərir. Avropa İttifaqının gətirdiyi bəhanələri hər şeydə tapmaq olar. Dəfələrlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, biz onlara lazım deyilksə, onlar da bizə lazım deyil”.
T.Kərimli deyib ki, Avropa İttifaqına Türkiyənin daxil olması çox yaxşı olardı.
“ Amma Almaniya və bir sıra böyük ölkələr bəyan ediblər ki, Türkiyəni bu ittifaqda görmək istəmirlər. Bu dövlətlət həmişə bir çox bəhanələr ortaya qoyurlar. Bir vaxtlar vardı ki, bəzi dövlətlər Osmanlı ilə münasibət qurmaq istəyirdilər. İndi isə vəziyyət dəyişib. Belə olan vəziyyətdə isə Türkiyə öz milli problemləri ilə məşğul olmalıdır”.
Mirmahmud KAZIMOĞLU