İyulun 9-da Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Berlin şəhərindəki Ermənistan səfirliyi önündə Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar piket keçirilib.
Modern.az xəbər verir ki, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti R.Quliyev aksiyada çıxış edərək, Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayıb, Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini bildirib. O, həmçinin dünya azərbaycanlılarının torpaqların işğaldan azad olunması üçün Azərbaycan dövlətinin atdığı bütün addımları dəstəklədiyini ifadə edib. Eyni zamanda qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur.
Daha sonra Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayev çıxış edərək bu hadisənin ilk belə hal olmadığını , cinayətkar hakimiyyətin dinc əhalini dəfələrlə atəşə tutduğunu, nəticədə onlarla dinc insanın qətlə yetirildiyini vurğulayıb.
Ağa Ağayev Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar atmağı tələb edilməsinin zamanının çoxdan yetişdiyini bildirib.
Daha sonra işğalçı ordunun bugünə qədər dəfələrcə uşaq ölümlərinə səbəbkar olması və yüzlərcə uşağı qətl etməsinə etiraz olaraq uşaq kuklası səfirliyin giriş qapısına buraxılıb.
Bu addımın simvolik mənası həm də ondan ibarətdir ki, bu gün Ermənistan cinayətkar hakimiyyəti oyuncaqları ilə oynamalı olan körpələri qətl edir.
Piketin sonunda iştirakçılar adından Ermənistan hakimiyyətinə etiraz bəyanatı səfirliyin poçt qutusuna atılıb.
Modern.az