Modern.az

Xatirələrə köçən ömür

Xatirələrə köçən ömür

Aktual

12 İyul 2017, 09:18

Ölüm sevinməsin qoy!
Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.                                                                    
S.Vurğun



Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olmuş, dəyərli ziyalı, tanınmış pedaqoq, respublikanın əməkdar müəllimi, Prezident təqaüdçüsü Xəlil Xəlilov ömrünün 97-ci ilində işıqlı dünyaya vida etdi..
Çoxunun həsəd edə biləcəyi parlaq bir ömür yaşadı Xəlil müəllim. Sakit, sadə, məsuliyyətli, təmannasız, şərəfli bir ömür...                                                                                  
Bu gözəl insanla ilk tanışlığım hələ keçən əsrin 70-ci illərinə təsadüf edir. Anası Ziba xanım, övladları Hədiyyə, Ələkbər, Mehman, Elman yaşadığım binada qalırdılar. Yaxın isti münasibətimiz vardı. İllər keçdikcə münasibətlər ailəvi bağlarla daha da möhkəmləndi. Hərdən Xəlil müəllim də buraya ailə üzvlərinə baş çəkməyə gələrdi. Onda görərdim onu. İlahi nə qədər mədəni, mənəviyyatlı, nurlu sima idi...                                                                                                       
Sonralar tələbəlik illərimdə Ağcabədidən olan tələbə dostlarımdan Xəlil müəllim haqqında çox xoş sözlər eşidərdim. O vaxtlar Xəlil müəllim Ağcabədi rayonunun  xalq maarifi şöbəsinin müdiri idi. O, rayon təhsilinin qabaqcıl bayraqdarlarından idi. Bütün ömrünü rayon təhsilinin inkişafına, rayonun maariflənməsinə həsr etmişdi. Heç də təsadüfi deyildir ki, rayonda onu “müəllimlər müəllimi” adlandırırdılar.                                                                                      
El ağsaqqalı, müdrik, ziyalı adını qazanan bu gözəl, nurlu simalı insan 1951-ci ildən başlayaraq 60 ildən çox bir müddətdə fasiləsiz olaraq rayonda müxtəlif vəzifələrdə işləyib. Bunun 20 ili rayon təhsil şöbəsinə rəhbərlikdə keçib. Ömrünün əmək fəaliyyətində keçirdiyi son illəri isə təməlini qoyduğu Ağcabədi şəhər 1 saylı orta məktəbdə direktor vəzifəsində, müəllim və şagirdlərin əhatəsində oldu. O, həyatında bir gün də olsa gələcək nəsllə ünsiyyətdən kənarda qalmadı. Hətta evdə istirahətdə olduğu vaxtlarda belə yaşadığı evin qapısından daim məktəbə baxar, özünü orada hiss edərdi...                                                                                                            
Görkəmli maarifpərvər S.M.Qənizadə deyərdi: “Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır.” Bəli, həqiqətən də Xəlil müəllimin- böyük müəllimin qazancı ölçüyə gəlməyən qədər çoxdur. Onun üçün xalq məhəbbəti və ehtiramından böyük qazancı ola bilərdimi? Respublika həyatının müxtəlif sahələrində, o cümlədən, dövlət hakimiyyəti, hüquq-mühafizə, iqtisadiyyat, səhiyyə, elm və s. sahələrdə, eləcə də Parlamentdə belə Xəlil müəllimin yetirmələri xalqa xidmət edirlər.             
İlk baxışdan, Xəlil müəllimin təbiətən həlimliyi, sadəliyi, mehribanlığı, təvazökarlığı, ağır təbiəti, səssizliyi adamda elə bir təsəvvür yaradır ki, sanki onun haqqında söz demək, nəsə yazmaq o qədər də çətin deyil. Elə ki, bu sadəliyin içindən doğan dərinliyi, zənginliyi, əsl ziyalı həssaslığını və nurunu görürsən, onda onun haqqında yazmağın, söz deməyin çətinliyini, əzəmətini dərk edirsən. Lakin, gerçəkdən bu sözləri onun yoxluğunda demək isə çox çətindir.                       
II dünya müharibəsinin məşəqqətlərini gördü, ağrı-acılarını yaşadı. Şərəflə döyüşlərdə iştirak etdi, fərqləndi. Cəbhədən müxtəlif medallarla qayıtdı. Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinin tələbəsi, məzunu oldu. Sonralar ömrünü hər zaman arzusunda olduğu, şərəfli müəllimlik peşəsinə həsr etdi...                                                                                                                  
97 illik ömrünün 60 ilindən çoxunu müəllimlik kimi şərəfli, müqəddəs bir işə sərf etmiş bu insan ömrünün hər bir məqamı  indiki gənc nəsl üçün bir nümunə, bir örnəkdir. O, harada, hansı işdə çalışmasından asılı olmayaraq həmişə şərəfli müəllim adını uca tutdu, ona şöhrət gətirdi. Daşıdığı vəzifə ona yox, o daşıdığı vəzifəyə şöhrət oldu. Rüşvət, əli-əyrilik, xaltura kimi sözlər ümumiyyətlə, onun həyat lüğətində yer almadı. Sadədən sadə, adi bir müəllim həyatını yaşadı. Haram çörək yemədi. Hər zaman başı dik, alnı –açıq oldu. Doğma övladlarını da bu ruhda tərbiyələndirdi.                                                                                                                                  
Xəlil müəllimin ömrünün ötən illərinə nəzər salanda görürsən ki, illərlə sahib olduğu müsbət insani keyfiyyətlər çətin sınaqlardan keçə-keçə cilalanıb, püxtələşib, həyat kredosuna çevrilib. Yüksək elmi zəkası, prinsipallığı, işgüzarlığı hələ lap gənclik illərindən onun həmdəmi olub.                                                                                                                                                    
Xəlil müəllim Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə həmyaşıd idi. O, daim bu xeyirxah, humanist təşkilatın inkişafında öz əməli töhfəsin verib. Cəmiyyətin ən fəal üzvlərindən olub. 2012-ci ildə təşkilatın veteranı kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri fərmanına layiq görülüb. Xəlil müəllim həm də bir neçə kitabın, məqalə və yazının müəllifidir. Onun qələmindən neçə-neçə şer, qəzəl insan qəlbinə köçüb, nüfuz edib.                                                  

Xəlil müəllim əsl Qarabağlı idi. Erməni qəsbkarlarının Qarabağ torpaqlarını işğal etməsi ilə barışmayan Xəlil müəllim bu dərdə dözə bilmirdi. Digər tərəfdən, əvvəlcə həyat yoldaşı Qəmər xanımın, sonra isə oğlu Mehmanın vaxtsız ölümü  Xəlil müəllimə daha böyük bir zərbə oldu. O, ağrı-acını ürəyində yaşadı. Təklikdə qalanda göz yaşlarına həmdəm oldu. Təbii ki, bütün bunlar Xəlil müəllimin bu kövrək qəlbindən təsirsiz keçə bilməzdi. Çox təəssüf ki, dərd bu böyük şəxsiyyətə qalib gəldi. Ürək döyüntülərinə əbədi yox dedi. Onu özü ilə əbədiyyətə apardı.    
Xəlil müəllim haqqında keçmişdə danışmaq çox çətindir. Amma, nə etməli? Bir gün gələn, bir gün də getməlidir. Lakin çox vacibdir ki, insan o biri dünyasına qovuşanda özü ilə rəhmət aparsın.                                                                                                                         

Məncə, Xəlil müəllim əbədi rəhmət qazanmış, cənnətməkanlıq bir şəxsiyyət olub. Xeyirxah, mehriban, qayğıkeş, sadə, səmimi, pak və təmiz insan olan Xəlil müəllim həqiqətən də xoşbəxt bir insandır. Çünki, onun həyatı daim gənc nəslin təlim-tərbiyəsinə, xalqının, elinin maariflənməsinə, yüksək mədəniyyətli və təfəkkürlü, kamil bir insan yetişdirilməsinə həsr olunub.                                                                                                                                  

Çox təəssüf ki, onun iştirakı ilə anadan olmasının 95 illik Yubileyi rayon miqyasında keçirilmədi, bu sahədə cəhdlərim nəticə vermədi. İnanıram ki, onun 100 illik Yubileyi Xəlil müəllimin adına layiq olacaq, rayon səviyyəsində keçiriləcəkdir.                                                           

Bu arada ürəyimdən bir arzu da keçdi. Yaxşı olar ki, əlaqədar təşkilatlar Xəlil müəllimin adının əbədiləşdirilməsi üçün əməli tədbirlər görsünlər. Çox yaxşı olardı ki, rayonda küçələrdən birinə, xüsusilə də, təməlini qoyduğu və yarım əsrə yaxın bir müddətdə müəllimlik və rəhbərlik etdiyi Ağcabədi şəhər 1 saylı orta məktəbə Xəlil Xəlilovun adı verilsin, məktəbdə onun xatirə guşəsi yaradılsın, vaxtilə yaşadığı evə onun xatirə lövhəsi vurulsun.                                                      

Çünki, Xəlil müəllim bunu haqq edib, ona layiqdir. Həm də istər rayon tarixində, istərsə də rayon təhsilinin inkişafında bir pak, parlaq şəxsiyyət kimi Xəlil müəllimin xüsusi yeri vardır. O, nadir şəxsiyyətlərdəndir. Bununla da onun xatirəsi qarşısında azacıq da olsa mənəvi borcumuzu qaytararıq.                                                                                                    

Ürəyimdən çox sözlər keçir. Amma Xəlil müəllimin təvazökarlığını xatırladıqca yazıya nöqtə qoymağa məcburam. Çünki, Xəlil müəllim sağ olsaydı  haqqında bu qədər xoş sözlər yazmağa imkan verməzdi. Təbiəti belə idi Xəlil müəllimin. Bu arada Xəlil müəllimə Allah-təaladan rəhmət deyərək, onun ruhuna dualar edərək burada yazıya nöqtə qoyuram.                   

Bu arada ustad Məmmədhüseyn Şəhriyarın aşağdakı misralarını Xəlil müəllimin ruhuna aid etmək olar:


Bir insan köçürsə dünyadan əgər,                                        
Sən elə bilmə ki, tək bir can gedir.                                         
Hər sönən baxışda saysız diləklər,                                       
Hər kiçik tabutda bir cahan gedir.                                                                
M.Şəhriyar.


Ruhun şad olsun Xəlil müəllim.                                                                                                              

 

Qafar Əsgərzadə
Əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru
                                                                                                    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama