İyulun 12-də Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransı keçirilib.
Konfransda Milli Məclisin deputatı Tahir Süleymanov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edib.
Konfransda öncə dövlət himni səsləndirilib. Sonra konfransın gündəliyi təsdiq olunub, ardınca YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Etibar Heydərov qeyd edib ki, hazırda YAP Siyəzən rayon təşkilatının 42 ərazi ilk partiya təşkilatında 3551 nəfər partiya üzvü uçotdadır. Onlardan 1579 nəfəri qadın, 741 nəfəri gənclərdir. Hesabat dövrü ərzində rayon təşkilatına 689 nəfər partiya üzvlüyünə qəbul edilib ki, onların əksəriyyətini gənclər təşkil edir. O bildirib ki, partiyaya qəbul könüllülük prinsipləri əsasında aparılmaqla bütün prosedur qaydalar gözlənilib. Bütün uçot və hesabatlar vaxtında Mərkəzi Aparata təqdim edilib.
Qeyd edilib ki təşkilatın Qadınlar Şurası və Gənclər Birliyi öz işlərini mövcud əsasnaməyə uyğun qurubar.
Konfransda Nəzarət-Təftiş qrupunun sədri Eldar Muradov təmsil etdiyi qrupun hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verib.
Millət vəkili Tahir Süleymanov öz çıxışında qeyd edib ki, Azərbaycanın müstəqil bir dövlət kimi qazandığı uğurların içərisində YAP-ın da rolu danılmazdır.
"Bu gün YAP dünya dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri qurur və inkişaf etdirir. Öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən 700 mindən artıq üzvü birləşdirən partiya Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi gündən-günə möhkəmlənməkdədir".
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi və şanlı yol keçib.
Konfrans nümayəndələrindən Zəfər Əliyev, Azər Babayev, Akif Xıdırov, İxtiyar İsayev, Ramilə Seyidova, Samir Baxşıyev çıxış ediblər.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. Qətnamə layihəsi oxunub, Etibar Heydərov yekdilliklə yenidən rayon təşkilatının sədri şeçilib. Həmçinin təşkilatın 25 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçilib.
Tədbirin sonunda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Aərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib. O, təşkilatın üzvlərinin rayonun ictimai-siyasi tədbirlərində fəal iştirakını qeyd edib və bütün partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Modern.az