İyul ayının 13-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə "15 iyul çevrilişi və hüquqi dövlətə təhdidlər" mövzusunda tədbir keçirilib.
Mərkəzin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin mədəniyyət müşaviri İrfan Çiftçi, hüquqşünas Ələsgər Məmmədli, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət, siyasi ekspert, ACSIS Araşdırmalar Mərkəzinin rəhbəri Pünhani Əsgərli çıxış edib.
Tədbiri giriş sözü ilə Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə açıb. O, tədbirdə iştirak etdiyinə görə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala təşəkkürünü bildirib:
“Türkiyədə baş verən hadisələrin birbaşa Azərbaycana da təsirləri olduğunu görmüşük. Türkiyədə belə bir cəhdin qarşısının alınması ilk növbədə Türkiyə dövlətinin, dövlətçiliyinin və hüququnun, türk millətinin iradəsinin təcəssümüdür.
1994-cü ildə buna bənzər hadisə Azərbaycanda da baş vermişdi. O hadisələrin də kökündə Azərbaycan hüquqi dövlətçiliyinə qarşı qəsd planı dururdu. Zamanında bunun da qarşısı alınıb. Biz bu məsələni çox diqqətlə izləməliyik”.
Türkiyə səfiri Erkan Özoral da çıxışına başlamazdan öncə Milli Fikir Mərkəzinə və MFM sədri Şəhriyar Məcidzadəyə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycanda ürəyi Türkiyə ilə döyünən başqa bir xalq var:
“İki dövlət, bir millətik. Bunu 15 iyul, 2016-cı ildə bir daha yaşadıq. Bilirəm ki, biz Türkiyədə o hadisələri yaşadığımız zaman Türkiyə haqqında, yaşanan hadisələr haqqında, nələr baş verdiyini öyrənməyə çalışanda, siz də bizimlə eyni hissləri bölüşür, “Türkiyədə nə baş verir” deyə düşünürdünüz.
Vaxt keçdikcə çevriliş cəhdinin miqyası ortaya çıxmağa başladı. Hamımız bunun dünya tarixində bənzəri olmayan yeni növ terror aktı, türk millətinin varlığına qəsd etmiş, Türkiyə Cümhuriyyətini yıxmağı hədəfləyən yeni cəhd olduğunu fərq etdik. Çevrilişçilər millətinə o qədər düşmən, vətəninə qarşı o qədər xain idi ki, öz insanına atəş açmaqdan, öz insanının üzərinə tanklarla getməkdən çəkinmədilər”.
Daha sonra səfir bildirib ki, terror qruplaşması rəhbərinin Türkiyəyə təslim edilməsi üçün gördükləri işlər davam edir və sonuna qədər də davam edəcək:
“Ötən bir il ərzində Türkiyə Cümhuriyyəti dövləti bu terror qruplaşması ilə mübarizədə böyük yola çıxdı və dövlətin içindəki yükdən təmizlənməsi ilə inkişafı, güclənməsi daha da sürətləndi. Biz 15 iyul, 2016-cı ili daha çox güclənmiş olaraq geridə qoyduq.
Bu gün – 1 il sonra 2016-cı ilə görə gələcəyə daha böyük inanc və ümidlə baxırıq. Çünki Türkiyə bu gün əvvəlkindən də güclüdür, gələcəyə doğru daha qərarlı addımlar atır. İqtisadi göstəricilərimizin hamısı müsbət yöndədir. Ölkə hərbi baxımdan son bir il ərzində qonşunlarında baş verən hərəkatlara, Suriyada baş verən hadisələrə qarşı daha güclü reaksiya verib. Terror qruplaşmaları ilə mübarizəmizdə cüzi də olsa zəifləmə yoxdur, əksinə, daha çox güclənmə var”.
Səfir çıxışının sonunda qeyd edib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Daha sonra çıxış edən hüquqşünas Ələsgər Məmmədli dedi ki, çevriliş cəhdi gözlənilənin əksinə Türkiyəni daha çox gücləndirdi:
“Arzu edirik ki, çevriliş cəhdindən sonra başlayan proses sürətlə yekunlaşsın və Türkiyə normal yaşamına dönsün. Bu yaşamında da biz azərbaycalılar hər zaman Türkiyənin yüksəklərdə olmasını arzu edirik. Çünki Türkiyə nə qədər yüksəkdədirsə, Azərbaycan da o qədər yüksəkdə - Türkiyənin yanında olacaq”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 15 iyul, 2016-cı ildə baş verən hadisələri belə xatırlayıb:
“Hamımız oturmuşduq televiziyanın qarşısında, ürəyimizi tutmuşduq ki, indi nə olacaq... Ərdoğanın bir dəqiqəlik səsi və güvən verici hayqırtısı olmasaydı insanlar küçələrə çıxmayacaqdılar”.
Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət çıxış edərək bildirib ki, Azərbaycanda QHT-lərin, medianın mövqeyi bəllidir:
“Biz sonuna qədər Türkiyənin arxasındayıq. Ölkəmizin vətəndaş cəmiyyətlərinin bu məsələyə münasibəti sonrakı günlərdə daha intensiv şəkildə müşahidə edilməyə başladı. Çevriliş cəhdinin baş verdiyi gecə hamımız həyəcanla prosesləri izləyirdik, əlimiz çatdıqca informasiya savaşında iştirak edirdik, Türkiyənin halının necə olacağı ilə bağlı narahatlığımız var idi və düşünürdük ki, bu məsələdə bütün insanlarımız öz mövqeyini ortaya qoymalıdır”.
Siyasi ekspert Pünhani Əsgərli isə deyib ki, Türkiyədəki çevriliş cəhdində məqsəd yalnız siyasi hakimiyyətin devrilməsi yox, bir millətin məhv olması, dövlətin tarixdən silinməsi idi:
“Çevrilişi həyata keçirmək istəyənlər hər şey planlaşdırılsa belə, bu çevriliş cəhdində planlanmayan bir şey var idi – Türkiyə xalqının iradəsi”.
Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi FETÖ terror qruplaşması haqqında məlumat verib:
“FETÖ tamam fərqli qruplaşmadır. Əsas etibarı ilə bu gün Türkiyədə də, Azərbaycanda da, dünyanın hər yerində də gücünün 50-60 faizini saxlayan qruplaşmadır. Yəni bunların istifadə etdikləri İslam dini alətlərindən sadəcə biridir”.
Sonda MFM sədri Şəhriyar Məcidzadə Milli Fikir Mərkəzinin istənilən çevriliş cəhdini cinayət kimi qiymətləndirdiyini bildirib.
Modern.az