İyulun 17-dən başlayaraq ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üçün elektron qaydada sənəd qəbulu aparılacaq.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, transfer.edu.az portalı vasitəsi ilə aparılacaq sənəd qəbulu avqustun 15-dək davam edəcək: "Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər".
C.Valehov deyib ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Onun sözlərinə görə, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə müəyyənləşdirilmiş minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır: "Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır".
C.Valehov bildirib ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.
"Tələbənin kəsiri olduqda belə, onun bir təhsil müəssisəsindən digərindən köçürülməsi mümkündür", -Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, bu şərt həm ali, həm də kolleclərə aiddir: "Köçürülmə zamanı tələbənin nə qədər akademik borcunun olması rol oynamır və bununla bağlı hər hansı məhdudiyyət yoxdur".
Nazirlik rəsmisi əlavə edib ki, kəsiri olan tələbə akademik borcunu köçürüldüyü təhsil müəssisəsində ödəyə bilər: "Ödənişsiz əsaslarla təhsil alan tələbə digər təhsil müəssisəsində yenidən ödənişsiz əsaslarla olan yerlərə köçürülə bilərlər. Lakin bunun üçün tələbənin müvafiq ixtisas üzrə qəbul imtahanında topladığı balın yüksək olması lazımdır. Ödənişli əsaslarla təhsil alan tələbə isə yalnız ödənişli yerlərə köçürülə bilər".
C.Valehov qeyd edib ki, xaricdəki təhsil müəssisələrindən köçürülmə zamanı vacib şərtlərdən biri həmin təhsil müəssisəsinin akkreditasiyadan keçməsidir.
Modern.az