Lənkəranda meyiti quyudan tapılan 6 günlük körpənin ölümü hamımızı sarsıtdı. Ənənəvi mediadan da gücülü təsirə malik olan sosial şəbəkələrdə bu hadisəyə qarşı ciddi etirazlar oldu.
Ziyalılar, jurnalistlərlə yanaşı sıravi vətəndaşlar da insanlığa sığışmayan bu hadisəyə etirazda həmrəylik nümayiş etdirdilər.
“Qızımı oğlumdan heç fərqləndirmirəm, əksinə üstün tuturam”- deyənlər də az olmadı. Bütün bunlar əlbəttə ki, təqdirə layiqdir. Heç şübhəsiz ki, sosial şəbəkələrdə müşahidə etdiyimiz bu ictimai qınaq dalğası həm kimlərisə bundan sonra qız övladına ögey münasibətdən çəkindirəcək, həm də bu istiqamətdə maarifləndirmə funksiyasını xeyli gücləndirəcək. Amma bir məsələ də var ki, sosial şəbəkələrdə daha çox cəmiyyətin müasir düşüncəli insanları və bir də internetlə maraqlanan, ona əli daha rahat çatan insanlar olur. Sosial şəbəkələrdəki belə aksiyaları da əsasən elə onlar özləri görürlər. Geri düşüncəlilər, müasir dövrün üstünlükləri ilə maraqlanmayanların isə bunlardan xəbəri olmur.
Gəlin etiraf edək. Məgər bizim içərimizdə, ailəmizdə, yaxınımızda qıza ögey yanaşmalar azdır? Rayonlarımızın bəzilərində, bəlkə də çoxunda qız uşağı doğulanda “başın sağ olsun” deyirlər, oğlu olmayana sonsuz kimi baxırlar. Oğlan uşaqları ilə müqayisədə qızların doğulmasına sevinənlər xeyli azdır.
7-ci əsrdə Məhəmməd Peyğəmbərin ərəblərin körpə qızları diri-diri basdırmalarına qarşı çıxması, peyğəmbərin zamanında və ondan sonrakı dövrlərdə İslam aləmində qız övladına dair mühüm rəvayətlərin yaranması, kitablara salınması həm də məhz bu cür naqisliklərin, vəhşiliklərin qarşısını almağa yönəlmiş addım idi.
Belə rəvayətlərin birində deyilir ki, Həzrət İbrahim – o böyük ilahi peyğəmbər İsmayıl və İshaq kimi övladı olduqdan sonra Allahdan qız övladı istəyərək, nalə etməyə başladı. İmam Sadiq (ə) həzrətin duasını belə nəql edir: «Vəfat etdikdən sonra onun üçün ağlayan, ocağını isindirən bir övladı olsun deyə, Allahdan ona qız övladı nəsib etməsini istədi».(Vəsail, 21-ci cild, səh-361.)
Bu hədis deyir ki, "Peyğəmbərlər Atası" adlandırılan Həzrət İbrahim kimi ulu bir peyğəmbər qız övladından məhrum olmaqla barışmaq istəməyib, bu neməti əldə etmək üçün dua edir.
İslamda belə hədislər yetərincədir. Ancaq nə yazıqlar ki, nə müqəddəs kəlamlar, nə rəvayətlər, nə də elmi araşdırmalar, izahlar, tövsiyələr xüsusilə şərq təfəkküründə qız övlada olan münasibəti köklü şəkildə dəyişə bilmədi. Yaxın və orta şərqin bir çox yerlərində olduğu kimi Azərbaycanın da bəzi regionlarında qız məzarlıqları son dövrlərə qədər mövcud idi.
Təfəkkürümüz hələ də dəyişməyib. Valideynlər qızları məktəbə qoymurlar, erkən ərə verirlər, “ölsən də ər evindən çıxmamalısan”- deyimi ilə hüquqlarını pozur və ömürlük məhvə məhkum edirlər.
Mənim rəhbərlik etdiyim təşkilatın əsas layihələri milli-mənəvi dəyərlərdir. Bir çox ənənələrimizin yaşaması, gələcək nəsillərə ötürülməsi təşəbbüsü ilə çıxış edir, təbilğat aparırıq. Amma elə adət-ənələrimiz var ki, onlar birmənalı şəkildə sıradan çıxarılmalı, yaddaşlardan silinməlidir.
Artıq sosial şəbəkələrdə də yer alan və toylarda bəh-bəhlə istifadə olunan bir detala diqqət çəkmək istəyirəm. Gəlin ər evinə ayaq basıb oturan kimi qucağına oğlan uşağı qoyurlar. Niyə? Sizə elə gəlmirmi ki, bu adət özü artıq gəlinə bir mesajdır və qız uşaqlarına olan ögey münasibətin göstəricisidir.
Bizlər də vətəndaş cəmiyyətləri olaraq öz mövqelərimizi bildirik, Azərbaycanın dilbər guşələrindən olan, saysız-hesabsız gözəl adət-ənənələri ilə milli mədəniyyətimzi zənginləşdirən Lənkəranda baş vermiş hadisəni pisləyirik. Ancaq düşünürük ki, bu cür hadisələri yalnız pisləməklə kifayətlənmək olmaz.
“Gələcəyə Baxış” Avriopya İnteqrasiya İctimai Birliyi Azərbaycanda fəaliyyət göstərən digər QHT- lərə səslənir:
“Biz vaxt itirmədən Lənkərana getməliyik. Həmin uşağın faciəsi baş verən həyətdə olmalıyıq. Rayon rəsmilərinin, ziyalılarının iştirakı ilə məsələyə yerində münasibət bildirməliyik. Əminik ki, bizim bu aksiyamız digər ailələrə təsirsiz ötüşməyəcək”.
Gələcəyə baxışımızı birgə dəyişməliyik.
Bəsti Nəsibova- “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri