Modern.az

"Yeni Azərbaycan" qəzetində 700 bal toplamış abituriyentlə görüş keçirilib

"Yeni Azərbaycan" qəzetində 700 bal toplamış abituriyentlə görüş keçirilib

Aktual

15 Avqust 2017, 15:04

"Yeni Azərbaycan" qəzetinin redaksiyasında 2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında ən yüksək - 700 bal toplamış bir qrup abituriyentlə görüş keçirilib. Görüşdə abituriyentləri təbrik edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu "qəbul imtahanlarında ən yüksək - 700 bal toplamaq böyük nailiyyət və uğurdur.

 

Mən buna görə sizləri, həmçinin müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, bu uğurlarınız davamlı olsun. Ali məktəbdə oxuyarkən də hər zaman əldə etdiyiniz yüksək nailiyyətlərlə fərqlənəsiniz" deyib.

 

Görüşdə millət vəkili ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından da ətraflı bəhs edib. Təhsil sisteminin inkişafının ölkə siyasətinin prioritetlərindən olduğunu bildirən Hikmət Babaoğlu Azərbaycanda neft kapitalını intellektual kapitala çevirməyi başlıca məqsəd hesab edən Prezident İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyasının çoxşaxəli olduğunu deyib.

 

Qeyd edilib ki, ölkəmizdə gənclərin inkişafı və təhsili ilə bağlı bir sıra Dövlət proqramları qəbul olunub. Millət vəkili bildirib ki, bu gün yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan gənclərimiz ölkəmizin işıqlı sabahıdır: "Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün cənab Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır. Reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaradıb".

 

Görüşdə regionumuzda və ümumilikdə dünyada baş verən mürəkkəb proseslər barədə də danışan, həmçinin müasir dünyada informasiyanın payının gündən-günə artdığını deyən millət vəkili gənclərimizin müasir informasiya-kommunikasiya texnologiyalarını mənimsəməsini vacib şərt sayıb. Bildirilib ki, qlobal dünyada baş verən kataklizmlərin fonunda ölkəmizin milli maraqlarının, dövlətimizin mənafeyinin qorunması üçün müasir biliklərə yiyələnmək əsasdır. Hikmət Babaoğlu  qeyd edib ki, Prezident İlham Əliyev də hər zaman gənclərə arxalandığını bildirir: "Sizlər də bu inamı, bu dəstəyi lazımi şəkildə dəyərləndirməli, ölkəmizin gələcəyi, sabahın idarəçiləri kimi daha yüksək biliklərə yiyələnməlisiniz".

 

Öz növbəsində, keçirilən görüşə görə "Yeni Azərbaycan" qəzetinin baş redaktoruna təşəkkürünü bildirən Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması fakültəsinə 700 balla qəbul olmuş Mahirə Əsədzadə, Xalidə Əliyeva, Elmir Əhmədov, o cümlədən ən yüksək balla ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinin tələbəsi adını qazanmış Pərvin Əhmədova ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan razılıq ediblər. Abituriyentlər gələcək illərdə də təhsillərini uğurla davam etdirmələri üçün var gücləri ilə çalışacaqlarını deyiblər.

 

Görüşdə iştirak edən abituriyentlərin valideynləri isə bildiriblər ki, gənclərə və təhsilimizə göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycanda bilikli, elmli gənclərin sayı artmaqdadır.

Tədbirin sonunda siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun müəllifi olduğu ali məktəb dərslikləri abituriyentlərə hədiyyə olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!