Azərbaycan Yazıçılar Birliyinin komissiya sədri
Dünən "Qarabağ" klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu, əvvəlcə bir vətənpərvərlik, daha sonra isə idman hadisəsidir. Təkcə klubun adında “Qarabağ” brendinin olması nəyə desək, dəyər...
Təbii ki, Azərbaycanın istənilən klubu bu tarixi uğura imza atsa, yenə də hamının sevincinə səbəb olardı. Amma bunu məhz “Qarabağ”ın gerçəkləşdirməsi Azərbaycan üçün ikiqat uğurdur. Həm beynəlxalq informasiya müharibəsində, həm müəyyən təbliğat məsələlərində “Qarabağ” futbol klubu Azərbaycan üçün idman baryerlərini aşacaq böyük işlər gördü.
Lakin bu hələ başlanğıcdır. Çempionlar Liqasının qrup mərhələsindəki oyunlar bütün dünyanın diqqət mərkəzində olur. Nəhəng klublarla qazanılacaq istənilən uğurlu nəticə, gözəl oyun “Qarabağ”ın bu missiyasını daha da genişləndirəcək.
Odur ki, dünənki qələbə əsasən bir millilik, vətənpərvərlik hadisəsidir.
Bu missiyaya xidmət edən təşkilatların, qurumların, məsələn, Azərbaycan Yazıçılar Birliyinin qarşıdakı günlərdə Qurban Qurbanov və komandası ilə görüşmək, futbolçularla qələm adamlarının görüşünü təşkil etmək kimi bir ideyası varmı?
AYB-nin Hərbi vətənpərvərlik Komissiyanın sədri Şahin Musaoğlu Modern.az saytına açıqlamasında bunun çox yaxşı təklif olduğunu və bu barədə yaxın günlərdə rəhbərliklə danışacağını bildirib:
“Məncə, çox yaxşı fikirdi. Bir daha sübut olundu ki, biz belə məsələlərdə bir millət, toplum və xalq olaraq birləşə bilirik. İctimaiyyətin bütün təbəqələri bir araya gələ bildi. Hamı "Qarabağ"la nəfəs alırdı.
Hesab edirəm ki, bu birliyimizi, bərabərliyimizi qoruyub saxlayan yeganə vasitələrdəndi.... Çox gözəl təklifdir. İndi hamı məzuniyyətdədir. Mən bu barədə Anar müəllimlə hökmən danışaram”.
N.Nihad