Modern.az

Partlayış ərazisindən təxliyə olunan əhali evlərinə qayıdır

Partlayış ərazisindən təxliyə olunan əhali evlərinə qayıdır

Aktual

27 Avqust 2017, 20:01

Azərbaycan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində yanğın və partlayış səbəbindən təxliyə olunan yaşayış məntəqələrinin sakinləri öz evlərinə qaytarılıb. Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında bildirilir.

 

Məlumata görə, hadisə yerində yanğın artıq lokallaşdırılıb və daha böyük ərazidə partlayışın qarşısı alınıb. Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

 

Hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş verən hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsində silah–sursat anbarında yanğın baş verib. Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi