Toydan sonra edilən atəşfəşanlıq bəzi toy sahiblərinə xoş gəlsə də, həmin restoranların yaxınlığında yaşayan sakinlərin narahatlığına səbəb olur. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bu hal demək olar ki, hər gün həm də, adətən, gecə saat 12-dən sonra baş verdiyindən insanların istirahəti pozulur.
Şadlıq saraylarından isə bildirilir ki, adətən, toy sahibləri özləri bu xidməti göstərən şirkətlərlə əlaqə saxlayır və atəşfəşanlıq təşkil edirlər. Restoran rəhbərliyi icazə vermədiyi halda onlar atəşfəşanlığı restoran ərazisindən kənardan edirlər.
Hüquqşünaslar isə bu halın İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə qadağan edildiyini və gecə vaxtı insanların istirahət hüququnu pozanların böyük məbləğdə cərimələnməli olduğunu bildirir.
Qanunla qadağan edildiyi halda bu hal demək olar ki hər gün təkrarlanırsa, deməli, müvafiq qurumlar qanuna nəzarət gücləndirməlidir. İlk növbədə isə hüququ pozulan vətəndaşlar bununla bağlı ərazi üzrə polis bölmələrinə müraciət etməlidir.
Modern.az