Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin 2 boksçusu da rinqə çıxıb.
Bu barədə Azərbaycan Boks Federasiyasından Modern.az-a məlumat verilib.
Belə ki, boksçularımızdan Məhəmmədrəsul Məcidov (+91 kq) mundialda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionumuz iordaniyalı Hüseyn İşayşi məğlub edib – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27).
Məcidov 1/4 finalda Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.
Dünya çempionumuzdan fərqli, Pərviz Bağırov yarışla vidalaşıb. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 finalda Tuvşinbat Byambaya(Monqolustan) 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub.
Qeyd edək ki, avqustun 25-də start götürən mundial sentyabrın 3-də başa çatacaq.