Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcək. Daha sonra isə həmməruzəçilərin Azərbaycanla bağlı hazırladığı hesabat oktyabrın 9-13-də AŞPA-nın payız sessiyasında müzakirə olunacaq.
Səfər zamanı hansı məsələlər müzakirə ediləcək?
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Fazil Mustafa Modernaz-a açıqlama verib.
Deputat bildirib ki, AŞPA məruzəçilərinin Azərbaycana gəlməsi hesabatın hazırlanması çərçivəsində olan səfərdir.
“Yenə də Azərbaycanda olan vəziyyətlə daha ətraflı tanış olmaq məqsədilə AŞPA-nın məruzəçiləri ölkəmizə səfər edəcəklər. Səfər çərçivəsində müxtəlif sahələr üzrə görüşlər keçiriləcək. Milli Məclisdə, dövlət orqanlarında, qeyri-hökumət təşkilatlarında, vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşlər olacaq. Bu səfər məruzənin hazırlanmasında və Avropa Şurasında fəaliyyətləri çərçivəsində düşünürəm ki, çox faydalı olacaq. Ona görə ki, AŞPA məruzəçiləri hər dəfə Azərbaycana gələndə yeni məlumatlar əldə edirlər. Təbii ki, vəziyyətlə daha yaxından tanış olurlar. Mən düşünürəm ki, sonda bu səfərlərin, görüşlərin nəticəsi olaraq, Azərbaycanda reallıqları əks etdirən bir hesabat hazırlanacaq”.
Fazil Mustafa deyib ki, bu il Azərbaycan Monitorinq altında olan ölkələr siyahısından çıxa bilər.
“Bunun üçün AŞPA-nın hazırladığı hesabatda nəzərdə tutulan tələblərin yerinə yetirilməsi öz əksini tapmalıdır. Əgər bu tələblər hesabatda öz əksini tapmasa, Azərbaycan yenə də Monitorinq altında olan ölkələr siyahısında qalacaq”.