Avtomobili aşağı sürətlə idarə edərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar cəzalandırıla bilər. Belə ki, "Yol hərəkəti haqqında" qanunda bildirilir ki, avtomobili lazımsız yerə az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.
Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ancaq "İnzibati Xətalar Məcəlləsi"ndə bununla bağlı cərimə nəzərdə tutulmayıb. Ekspertlərə görə, bu boşluqdan sui istifadə edən sürücülər var. Buna görə də, qanunun təkmilləşdirilməsinə ehtiyac var.
Çünki sürət həddi 120-lik yolda 80-lə, 100-lük yolda isə 60-la maşın sürənlər az deyil. Bu isə digər nəqliyyat vasitələrinə maneələr yaratmaq deməkdir.
Ekspert Azər Allahverənovun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanuna görə, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.
Ekspertə görə, məcəllədə bu qadağa ilə bağlı sanksiyanın nəzərdə tutulmaması sürücülər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır
Azər Allahverənov qeyd edir ki, bu kimi sui-istifadə hallarının qarşısını almaq üçün mütləq qanunvericilik təkminləşdiriləmlidir və bəzi qadağalara görə, cərimə nəzərdə tutulmalıdır.
Sürücülərin bu cür qadağalara məhəl qoymaması qəzaların sayının artmasını qaçınılmaz edə bilər.