Sentyabrın 8-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin ölkəmizdə səfərdə olan qurumun sədri Kristin Muttone ilə görüş keçirilib.
Parlamentdən Modern.az-a verilən məlumata görə, görüş zamanı Milli Məclis Sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verir.
Bahar Muradova ATƏT-Azərbaycan əməkdaşlığından, regionda gedən proseslərdən söz açdı, bütün sahələrdə inkişaf edən ölkəmizlə qurum arasında əməkdaşlıq barədə fikirlərini bildirdi. Bu səfərin əməkdaşlığın genişlədirilməsi baxımından faydalı olacağına ümidvar olduğunu deyib.
Vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qonağa məlumat verib. Əsas diqqəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişənin nizamlanması məsələsinə yönəldərək, problemin qısa zamanda həlli üçün ATƏT-in əməli addımlar atmasının vacibliyini vurğulayıb. Münaqişənin region üçün təhlükəsindən danışaraq Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini və dinc azərbaycanlı sakinləri qətlə yetirdiklərini bir daha qonağın diqqətinə çatdırıb. Qurumun bu yöndə zəruri addımlar atmalı, Ermənistan tərəfinə ciddi təsirlər göstərməli olduğunu deyib.
ATƏT Parlament Assambleyasının sədri Kristin Muttone Bakıda olduğu müddətdə ölkə rəhbərliyi ilə müxtəlif sahələrə dair faydalı müzakirələr apardığını deyib. O, Azərbaycanın qurumla əməkdaşlığını yüksək qiymətləndirib və Assambleyadakı nümayəndə heyətinin fəal çalışdığını, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü söyləyib. Xanım qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq, mədəniyyətlər və dinlərarası dialoqun qurulması sahəsində müsbət təcrübəsi olduğunu vurğulayıb. Kristin Muttone Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması üçün zəruri danışıq mühitinin yaradılmasında əlindən gələni əsirgəməyəcəyini də qeyd edib.
Görüşdə deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.