Sentyabrın 15-də Azərbaycan Kooperasiya Universitetində I kursa yeni qəbul olmuş tələbələr üçün hər iki növbədə tədbir təşkil olunub.
Modern.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himinin sədaları altında açıq elan olundu.
İlk olaraq çıxış edən Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət Vəkili professor Eldar Quliyev I kursa yeni qəbul olmuş tələbələri təbrik edərək onlara qədəm qoyduqları yeni həyatlarında uğurlar arzuladı. Professor E.Quliyev I kurs tələbələrinin timsalında onların valideynlərini də övladlarının ali məktəbə qəbul olması və yeni dərs ili münasibəti ilə təbrik etdi, eləcə də gələcək fəaliyyətlərində uğurlar dilədi.
Bildirdi ki, universitetimizdə təhsil aldığınız illəri səmərəli keçirəcək, oxuyacaq, öyrənəcək, elmin, biliyin faydasını dərk edəcək və öz işinizin peşəkarı olacaqsınız. O, çıxışında onu da vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman gənc nəslin sağlam böyüməsinə, təhsilinə, həyatda layiqli yer tutmasına qayğı ilə yanaşıb, gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olub. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Bu fikri faktlar da təsdiqəyir. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatıb. Böyük öndərin imzaladığı "ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi.
Ulu öndər müəllimlərə də hər zaman sonsuz hörmətlə yanaşıb, o illərdə çox sayda təhsil işçisi SSRİ-nin orden və medallarına, fəxri adlara layiq görülüb. Azərbaycanda ali təhsil də Heydər Əliyevin dövründə inkişafa qədəm qoyub. Ötən əsrin 70-80-ci illərində 5 yeni ali məktəb yaradılıb. Müdrik dövlət başçısının daha bir xidməti həmin illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt 15 mindən çox gənc Azərbaycandan kənarda ali təhsil alıb. Böyük öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Bu gün ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasəti dəstəkləyən universitetimizin professor-müəllim heyəti də öz uğurlu fəaliyyəti ilə müstəqil dövlətimizin möhkəmləndirilməsi işinə töhvəsini verməkdə davam edəcəkdir.
Sonda Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, TGT sədrinin müavini Seymur Ramazanov universitetdə tələbələrin ictimai-siyasi, intellektual inkişafına yardılan şəraitə görə bütün tələbələr adından universitetin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər. Valideynlər də çıxış edərək bütün yaradılan şəraitlərdən razılıqlarını ifadə etdilər. Sonda universitetin rektoru tərəfindən yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim olundu.